Rəşad Sadiqov: “Neftçi”dən təklif almasaydım, karyeramı başa vuracaqdım”

“Neftçi” bir müddət öncə heyətinə cəlb etdiyi Rəşad Sadiqovu da ictiamiyyətə təqdim edib. Təcrübəli futbolçu yeni mövsümdə geyinəcəyi 6 nömrəli forma ilə şəkil çəkdirməklə yanaşı, jurnalistlərin suallarını da cavablandırıb:

- Hazırda fiziki durumun necədi?
- Məşq edirdim. Sadəcə, tək məşq edirdim, dostlarla futbol oynayırdıq. Çəki problemim olmadığına görə, məşq etməsəm də, problem olmur. 100 faiz olmasa da, 70 faiz hazıram. Baş məşqçimiz şans versə, oynamağa hazıram.

- Futbolçularda hansı çatışmazlıqlar var?
- Futbolçularda inam çatışmır. Psixoloji durum zəifdi. Baş məşqçimiz özünəinamı, qələbə ruhunu komandaya qaytarmağa çalışır.

- "Neftçi" variantı olmasaydı, nə edəcəkdin?
- Açığı, “Neftçi”dən təklif olmasaydı, karyeramı bitirməyi planlaşdırırdım.

- “Neftçi”nin liderinə çevrilə biləcəksən?
- Çalışacağam ki, bu yükü üzərimə götürüm. Hər komandada lider futbolçu olmalıdı. Tək meydanda yox, meydandan kənarda da.

- 6 nömrənin xüsusi anlamı var?
- Xüsusi bir mənası yoxdu. 20 ildi eyni nömrə ilə oynayıram. Başqa nömrə altında çıxış etmirəm

- "Zirə"də nə baş verdi ki, ayrılmaq qərarına gəldin?
- Oyundan sonra özüm ayrılmaq istədim. Başqa bir problem olduğunu düşünmürəm. Belə alındı. Xarakterlərimiz uyğun gəlmirdi, ona görə də ayrıldım.

- "Zirə"dən ayrıldıqdan sonra yol polisi maşınını saxlamışdı. Bunun sabiq komandan tərəfindən edildiyini düşünmürsən?
- Xeyr. "Zirə"dən elə bir şey gözləmirdim. Aylıq maaşımı, mərhələ keçdiyimizə görə mükafatımı verdilər. "Zirə" rəhbərliyi yaxşı insanlardı.

- Son olaylardan sonra “Zirə”yə qarşı xüsusi motivasiya ilə oynayacağını gözləmək olar?
- Vaxtilə “Qəbələ”də, “Qarabağ”da oynamışam. Elə düşünsək, gərək bütün komandalara qarşı xüsusi motivasiya ilə çıxım. Sabah "Zirə" ilə keçirəcəyimiz oyuna da adi qaydada hazırlaşıram.