Samir Abbasov: "Hava normal futbol oynamağımıza imkan vermədi"

Topaz Premyer Liqasının V turunun açılış matçında “İnter”lə səfərdə 1:1 hesablı bərabərliyə qalan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov matçsonrası mətbuat konfransı keçirib.
 
Mütəxəssis oyunun başlama saatından kəskin şəkildə gileyləndi.
 
-    Qol epizodu baxımından zəngin oyun olsa da, sönük matç keçdi. Düşünmək lazımdı ki, meydana 22 insan balası çıxır axı! Saat 16:30-da oyun başlamazlar. Ən çox çəkindiyimiz “İnter”in standart vəziyyətləri idi ki, belə epizoddan sonra da qol buraxdıq. Nəticədən razıyam.
 
-    Oyunun belə erkən başlamasına etiraz etməmişdiniz?
 
-    Reqlamentə əsasən başlama saatını meydan sahibi ilə PFL müəyyənləşdirir. Hava normal futbol oynamağımıza imkan vermədi.
 
-    Sağ cinahda taktiki dəyişiklik etdiniz və Cavid Tağıyevi ora atdınız...
 
-    Tural Axundov hücumlara çox qoşulurdu. Hava da bir tərəfdən oyunumuza ciddi təsir edirdi. Daha aztop itirmək üçün Tağıyevi ora atdım. Ancaq çoxsaylı qol imkanlarını da boşa verdik.