Ayxan Abbasov: "Komandamız taktiki cəhətdən savadlı oynadı"

Topaz Premyer Liqasının V turu çərçivəsində “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov matçsonrası mətbuat konfransı keçirib.
 
Lider komandanın çalışdırıcısı yetirmələrindən narazı qaldığı məqamlardan danışdı.
 
-    Bilirdik ki, bu gün ağır oyun olacaq. Məşqçi dəyişikliyi “Neftçi”nin motivasiyasını artırmışdı. Sevinirəm ki, komandamız taktiki cəhətdən savadlı oynadı. Avropa Liqasında, çempionatın əvvəlində buraxdığımız səhvləri təkrarlamadıq.
 
-    Rəşad Sadiqovla görüşmədiniz?
 
-    Üz-üzə gəlmədik. Rəşadla vidalaşanda normal sağollaşdıq. Aramızda başqa problem qalmayıb.
 
-    “Neftçi”nin oyununda hansı dəyişikliyi gördünüz?
 
-    Bu barədə danışmağım düzgün çıxmaz. Özüm üçün qeydləri apardım.
 
-    Son dəqiqələrdə yetirmələrinizə nə qədər desəniz də ki, topu kortəbii çıxarmasınlar, yerlə oynasınlar, bunu etmirdilər...
 
-    Çünki o şəkildə topu uzaqlaşdıranda vaxt udmaq olmur, 10 saniyə sonra üstünə yeni dalğa gəlir.
 
-    “Astra” ilə cavab qarşılaşmasında Rumıniya təmsilçisinin futbolçuları vaxt öldürməklə məşğul idi. Yetirmələriniz Avropa təcrübəsindən bugünkü görüşün sonunda vaxt öldürməklə “yararlandılar”...
 
-    Bizim futbolçular vaxt öldürdü? Biz ayrı oyunlara baxmışıq yəqin. Mənə altı epizod göstərin ki, futbolçularımız vaxt uzadırdı, Sizdən üzr istəyəcəm.