Şahin Diniyev: "Günahkar mənəm"

Topaz Premyer Liqasının V turu çərçivəsində “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev matçsonrası mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis ənənəvi olaraq, qələbə münasibəti ilə növbəti rəqibini təbrik edib.

-    “Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Əsas heyətlə çıxmışdılar. Elitar rəqiblərlə kiçik komandalar arsında əsas fərq səhvlərdən istifadə etmək bacarığındadı. Öz səhvlərimizdən qollar buraxdıq. İkinci hissədə rəqibi əks-hücumlarda yaxalaya bilərdik. Futbolçularımdan razıyam, bacardıqlarını ortaya qoydular. “Qarabağ”ı təbrik edirəm.

-    Tural Rzayevin mövqeyindəki dəyişiklik nə ilə bağlı idi?
-    Standart vəziyyətlərdə bu cür rotasiyalar olur. 

-    “Kəpəz” hücum etsə də, bütün hallarda oyunçularınız ofsaydda qalırdılar. Bu problem nədən qaynaqlanırdı?
-    16 futbolçunun dəyişməsi xətlərarası anlaşılmazlığı şərtləndirir. Qeyd etdiyiniz məqam da bundan qaynaqlanır. Yavaş-yavaş komanda formalaşır. Cəmi 1 xalımız var. Buna görə utanıram. “Kəpəz” azarkeşi buna layiq deyil. 

-    Belə çıxır ki, komandanız potensialına uyğun yerdədi?
-    Xeyr, razılaşmıram. Müəyyən matçlarda daha yaxşı nəticəyə layiq idik. Sadəcə, komanda formalaşmayıb hələ ki.

-    Komandanı mövsümün gedişatında formalaşdıranda 5 turdan sonra 1 xalı olar, xətlərarası əlaqəni də çempionatın gedişatında bərpa olar. Rəhbərliyə izah etmək olmur ki, heyəti yayda yığarlar?
-    Heç kiin üstünə günah atmaq istəmirəm. Komandanın uğursuz çıxışında əsas günahkar mənəm.

-    Coşqun Diniyevə matç başa çatdıqdan sonra nə dediniz?
-    (gülür) Dedim burnundan gəlsin.