Pedro Enrikenin ailəsi Azərbaycanı çox bəyənib: "Mən bura ancaq Çempionlar Liqası üçün gəlməmişəm"

Topaz Premyer Liqasının V turunda "Qarabağ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Pedro Enrike jurnalistlərin suallarını cavablandırıb. Braziliyalı oyunçu ilk olaraq qələbə barədə danışıb:

- Qələbəyə görə sevincliyəm. Qalib gəlmək hər şeydən vacibdir. Görüləsi çox işimiz var. Ümumi götürsək, razı qaldım.

- Az azarkeş görəndə təəccüblənmədin?

- Etiraf edim ki, azarkeş sayında fərq var. Mən PAOK-a yeni gələndə iki oyunu azarkeşlər önündə oynamamışdım. Buna səbəb komandanın cəzalanması idi.

- Komandaya adaptasiya prosesi necə keçir?

- Ailəm ölkəni çox bəyəndi. Çox xoşumuza gəlib. Klub haqda da eyni sözü deyə bilərəm. Baş məşçi və futbolçular məni yaxşı qarşıladılar. Əlimdən gələnin ən yaxşısını edəcəm.

- “Çelsi” ilə oyunda meydanda ən yaxşılardan biri idin. Hətta söyləyənlər var ki, Enrike Azərbaycan səviyyəsindən daha üstün oyunçudu...

- Düşüncələrim buna yönəlməyib. Oyundan oyuna fərq olur. Hər matç fərqli olur. Bu dəfə məndə yaxşı oldu. Ancaq komanda olaraq yaxşı oynamadıq. Məni kollektiv oyun düşündürür. Şəxsi oyun isə bir o qədər də yox. Əsas komandanın uğurudur.

- “Roma” ilə oyun barədə nə düşünürsünüz?

- Mən bura ancaq Çempionlar Liqası üçün gəlməmişəm. Hələ bizim çempionatda “Sumqayıt”la səfər matçımız var. Həmin görüşə hazırlaşacağıq. Həmin görüşdən sonra “Roma” ilə keçiriləcək qarşılaşma barədə danışarıq.

- “Roma” ilə oyuna böyük maraq var. Artıq 40 min bilet satılıb. Bu sizi nə dərəcədə motivasiya edəcək?

- Əlbəttə, təsiri olacaq. Bu haqda dünən də oxudum. Komanda yoldaşlarım və mən əlimizdən gələni edəcəyik ki, onları sevindirə bilək.

- İcarə müddətin başa çatdıqdan sonra “Qarabağ”da qalmaq istəyərsən?

- Bu haqda danışmaq hələ tezdir. Mən müqavilə ilə PAOK-a məxsusam. 1 il müddətdə çalışacam ki, əlimdən gələni edəcəm. İndi bu mövzu çox erkəndi.