Cavid Hüseynov: "Yaxşı formada deyilik"

"Qəbələ"nin kapitanı Cavid Hüseynov səfərdə "Səbail"i 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra brifinq keçirib. Həmin müsahibəni təqdim edirik... 
 
- Oyunu necə dəyərləndirərdin?
- Bizim üçün hər oyun çətin keçir. Hazırda zəif rəqib yoxdur. Bu görüş də gərgin keçdi. Sevinirəm ki, əzmkarlıq sayəsində qələbə qazandıq. Oyundan-oyuna artırmağa, daha da inkişaf etməyə çalışırıq. Düşünürəm ki, hər şey yaxşı olacaq. 
 
- Zədən nə dərəcədə ciddidir...
- Zədəm elə də ciddi deyil. Sadəcə, əzələmdə bir qədər dartınma olmuşdu. Ona görə də baş məşqçi Roman Qriqorçuk risk etmək istəmədi. Əks halda, əzələ yırtıla bilərdi. 
 
- Sizcə, "Qəbələ" debütanta qarşı belə oynamalıdır?
- Xeyr. Daha yaxşı oynamaq istəyirik. Sadəcə, o qədər də yaxşı formada deyilik. Oyundan-oyuna hər şeyin yaxşılığa doğru getməsinə çalışırıq. Əsas məsələ nəticədir. Nəticə olduqdan sonra oyunumuzu da tapacağıq. 
 
- Bu gün pleymeker yox, dayaq yarımmüdafiəçisi kimi çıxış edirdin...
- Oyuna elə pleymeker kimi başlamışdım. Sadəcə, topla təmasa az girdiyimdən, məcbur idim ki, topu arxadan götürüm. 
 
- Razısanmı ki, Nika Kvekveskirinin gedişindən sonra onun mövqeyində boşluqlar yaranıb?
- Əlbəttə, Nika yaxşı futbolçudur. O, hər bir komandada oynamağa qadirdir. Amma nə etmək olar? Onun öz seçimi idi. 
 
- Növbəti turda "Neftçi" ilə görüşəcəksiniz. Bu oyundan nə gözləyirsən?
- Tərlan Əhmədovun gəlişindən sonra "Neftçi"nin həvəslə çıxış etməyə başladıqları hiss olunur. Düzdür, nəsə əldə etmələri üçün hələ tezdir. Amma istək hesabına nə isə etməyə çalışırlar. İnanıram ki, yaxşı olacaq. Evdə oynayacağıq. Qələbə qazanmağa çalışacağıq.