Səlahət Ağayev: “Qapıçılar belə zədədən sonra tez qayıdırlar”

“Zirə” ilə oyundan öncə ciddi xəsarət aldım. Adi epizodların birində zədələndim. Sonradan məlum oldu ki, üçbaşlı əzələmin biri demək olar ki, tamamilə sıradan çıxıb. Sözsüz ki, belə bir vəziyyətdə zədə almaq istəməzdim. Amma futbolda zədələr qaçılmazdı”.
 
Bu sözləri açıqlamasında Azərbaycan milli komandasının və “Neftçi” klubunun qapıçısı Səlahət Ağayev deyib.
 
Topaz Premyer Liqasının V turunun “Zirə”yə qarşı keçirilən görüşündən öncə zədə alan qolkiper Türkiyədə əməliyyat olunacaq.
 
Bəs görəsən Azərbaycanda sayılıb seçilən qapıçılardan olan Səlahət nə vaxt sıraya dönəcək? Bu barədə qolkiperin özü danışır: “Aldığım zədəyə futbolda tez-tez rast gəlinir. Amma sahə oyunçuları ilə qapıçının bərpasında fərq var. Qapıçılar belə zədədən sonra tez qayıdırlar. Ola bilər bir aya, ola bilər ayyarıma sıraya döndüm. Müddət uzana da bilər. Hər şey əməliyyatdan və bərpa prosesindən asılıdır”.
 
Qeyd edək ki, Səlahət Ağayevin yoxluğunda Tərlan Əhmədov baş məşqçi kimi debüt oyununda qapını Rəşad Əzizliyə həvalə etmişdi.