Nizami Hacıyev “Neftçi” ilə anlaşdı

Hazırda yaxşı günlərini yaşamayan “İnter” qışda daha bir zərbə alacaq.
 
Paytaxt təmsilçisi kapitanı Nizami Hacıyevlə vidalaşacaq.
 
Belə ki, 29 yaşlı yarımmüdafiəçi “İnter”dən ayrılmaq qərarına gəlib. Komandanın maliyyə durumunun ürəkaçan olmaması Hacıyevin də səbrini tükədib. Vəziyyətin düzəlmədiyi bir vaxtda “Neftçi”yə də Tərlan Əhmədovun baş məşqçi gətirilməsi Nizaminin qərarını qətiləşdirib.
 
“İnter”in lideri mövsümlərarası fasilədə “Neftçi”yə keçməyə çox yaxın olsa da, həmin vaxt son anda komandada qalmağı üstün tutmuşdu. Danışıqları dayandırmayan “ağ-qaralar”, nəhayət ki, istəklərinə çatıblar. Bunda Əhmədov amili həlledici rol oynayıb.
 
Sabiq komanda yoldaşı və məşqçisinin təklifini geri çevirməyən Hacıyev “Neftçi” ilə ilkin razılığa gəlib. Anlaşmaya görə, o, yanvardan etibarən paytaxtın digər klubunun formasını geyinəcək. Müqavilənin müddəti və maliyyə tərəfi qış fasiləsi zamanı dəqiqləşdiriləcək.
 
Qeyd edək ki, Nizami Hacıyev vaxtilə AZAL-da Tərlan Əhmədovla birgə çıxış edib. Həmçinin o, “Xəzər Lənkəran”da olarkən Əhmədov bu komandanın məşqçisi vəzifəsində çalışıb.