Millimizin kapitanı: "Avropa çempionatının favoritlərindən biri elə bizik"

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Komandamızın kapitanı öncə Avropa çempionatına hazırlıq, komandanın şansları qiymətləndirib. 

- Yüksək səviyyədə hazırlıq keçmişik. Avropa çempionatına, qalib gəlməyə tam hazırıq. Belə yarışlarda meydan sahibi olmaq böyük şərəfdi. Biz də öz məsuliyyətimizi yaxşı dərk edirik. Azərbaycanı, xalqımızı, azarkeşlərimizi məyus etməməliyik.

- Qrupdakı rəqibləriniz haqda nə fikirləşirsən?

- Rəqib, istənilən halda rəqibdi. Zəif olmur, oynamaq lazımdı. Hamımıza uğurlar arzulayıram. Hər şey meydanda məlum olacaq.

- Sizcə, qrupda ən güclü rəqib kimdi?

- Polşa.

- Bəs Avropa çempionatının favoriti kimi sayırsınız?

- Biri elə bizik. Hazırkı Avropa çempionatına ən güclü komandalar gəlib.

- Belə olan halda, finalda hansı yığmanı rəqib görmək istərdiz?

- Rusiya, Türkiyə, Serbiya və ya İtaliya. 

-  Evdə oynamağın çətin tərəfləri də olur. Bunu bilirsizmi?

- Bəli. Əsas çətinlik odu ki, azarkeşləri məyus etməməliyik. Bu da əlavə gərginlik deməkdi. Düzdü, deyirlər ki, doğma divarlar da kömək edir. Bütün zal səni dəstəkləyəndə, onlar rəqibə qarşı olur.

-  Amma yığmamız I Avropa Oyunlarında da doğma divarlar arasında oynasa da, azarkeşlərini üzüb. Hamı medal gözlədiyi halda, 4cü olduq...

- Bu nəticə çox ağır idi. Çünki qrupda qalmaq biabırçılıq sayılsa da, bunu tez unutmaq mümkündü. Amma 4-cü yer daha üzücü olur. Ümid edirəm ki, bu, təkrarlanmayacaq. "Bakı-2015"-i xatırlamaq belə istəmirəm.

- Yığmamız DÇ-2018-in seçmə mərhələsindəki kimi çıxış edə biləcəkmi?

- Bəli. Düşünürəm ki, belə olacaq. Bizi tətildən sonra sonra bərpa olunmaq qaldırdı. Bu gün isə komanda hazırdı.

- Zədəniz də vardı...

- Zədə həmişə problemdi. Bunun nəticəsində kifayət qədər çox sayda məşqlər buraxdım. Ümid edirəm ki, indi komandaya nə iləsə kömək edə biləcəm.