Samir Abasov: "O, buraxdığı səhvə görə cavab verəcək, sorğu-sual olunacaq"

Topaz Premyer Liqasının VI turunda səfərdə “Qarabağ”a uduzan (1:4) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.  39 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Matça pis başlamadıq. Belə oyunu gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi ki buna da nail olduq. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Oyunçular arasında səviyyə fərqi özünü göstərdi. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Qapıçı dəyişikliyi etdiniz, gənc Mehdi Cənnətovun oyunundan razı qaldız?
- Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Görək gələcəkdə bizə xeyir verəcək, ya yox. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək, sorğu-sual olunacaq. 

- Cavid İmamverdiyevin zədəsi necədi?
- Cavidin vəziyyətinə sabah aydınlıq gələcək. Hələliksə, deyə bilərəm ki, əzələsini çox bərk dartıb. Soğunada dedi kİ, iynə kimi sancır. Bu da zədənin ciddiliyi ilə bağlı narahatlıq doğurur. Ümid edirəm ki, zədəsi ciddi olmayacaq.

- Hakimlikdən razı qaldız?
- Hakimlik barədə danışmaq istəmirəm.