“Səbail”də yeni legioner

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.  Premyer Liqanın debütantı rumıniyalı yarımmüdafiəçi Aleksandru Adrian Popoviçi transfer edib. 29 yaşlı futbolçu azad agent kimi komandaya cəlb olunub. Çünki o, son klubu olan “Politexnika Timişioara”dan bu yay ayrılandan bəri işsiz idi.
 
Timişioara şəhərində anadan olan Popoviç karyerasına elə doğma “Politexnika”da başlayıb. Lakin o, həmin dövrdə “Reşita”, “Buftea” və “Qloriya” klublarına icarəyə də verilib. 2012-ci ildə Timişioara təmsilçisini tərk edən futbolçu “Konkordiya”ya üz tutub. Lakin cəmi bir mövsüm sonra yenidən “Politexnika”ya qayıdan Aleksandr 2013-cü ildən bəri bu komandada çıxış edirdi.

Hücumameylli yarımmüdafiəçi Rumıniyanın U-17 yığmasında da oynayıb. Onun adı artıq “Səbail”in iştirak ərizəsinə də salınıb. Adrian paytaxt klubunda 18 nömrəli formanı geyinəcək.

Futbolçunun bu gün “Kəpəz”ə qarşı oynaması məşqçilərin qərarından asılıdı.