Elşən Məmmədov AÇ-nin bürünc mükafatçısı oldu!

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub.

İştirakçılar arasında bizim yığmanın da üzvləri var. Onlardan biri – Elşən Məmmədov artıq körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsindəki yarışıb.

Lənkəranlı atlet birdən qaldırma hərəkətində 75 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

Elşən təkanla qaldırma hərəkətində 95 kq-ı başı üzərinə qaldıra bilib. O, bu hərəkətdə 4-cü yeri tutub.

Cəmi 13 yaşı olan və bu Avropa birinciliyinin ən gənc atleti olan Məmmədov toplam 170 kq (75+95) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.