Zaur Axundov Nizami Hacıyevin "Neftçi" variantından söz açdı: "Toydu ki, oyuna dəvət də edək?"

"İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov Topaz Premyer Liqasının VI turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçədəən sonra brifinq keçirib.

- Bu gün əsas xal itirən "İnter", yoxsa "Zirə" oldu?

- Deyərdim ki, "Zirə" 2 xal itirdi, biz isə 1 xal qazandıq. 50 dəqiqədən çox azlıqda oynadıq. "Zirə" hazırda çempionluğa oynayır. Biz də oyuna pis başlamadıq. İlk 30 dəqiqədə yaxşı oyun göstərdik. İlkin Qırtımovun qırmızı vərəqə alması isə işlərimizi korladı. Növbəti turda "Neftçi" ilə oyuna hazırlaşacağıq.

- Baş məşqçinin iradları bir qırağa, bəs siz İlkin Qırtımovla söhbət edəcəksiniz?

- Təbii ki, söhbətimiz olacaq. Ona iradlarımı bildirəcəm. Sarı vərəqəsi olan peşəkar futbolçu topa əlini atmamalıdı. Buna qəti yol vermək olmaz. Lazımsız çəkildə açıq-aşkar topa əlini uzatdı, 2-ci sarı vərəqəni aldı və komandasını çətin vəziyyətə qoydu. İlkinə sərt şəkildə iradımızı bildirəcəyik və lazım olsa, cəzalandıracağıq da.

- Futzalla müqayisədə futbolda çox sakitsiniz.

- Bildiyiniz kimi, "İnter"ə transfer qadağası var. Futbolçuları da başa düşürəm. Hər həftə eyni heyətlə meydana çıxırıq. İlkin "Neftçi" ilə matçda olmayacaq. Üstəlik, həkimlər bu oyunda zədələnən kapitanımız Nizami Hacıyevə də icazə verməyə bilərlər. 1 nəfər itkimiz olanda, onu əvələyəcək futbolçumuz yoxdu. Oyuna çox yaxşı başlamışdı, ancaq qırmızı vərəqədən sonra mən də özümə qapandım. 50 dəqiqə təkqapı oyun oldu.

- Komandada maaşlar verilib?

- Hər şey qaydasındadır.

- Futbolçular iyul ayını alıb...

- İyul, avqust fərqi yoxdu, oyunçularımız məvaciblərini alıblar.

- Nizami müsahibəsində bildirmişdi ki, axı nə qədər pulsuz-parasız oynamalıyam?

- O Nizaminin şəxsi işidi. Hamı maaşın alıb. Komandada problem yoxdu. Hər kəs öz fikirlərini deyə bilər.

- Futbolçulara mükafat verilir?

- Olur. Yaxşı keçirdiyimiz matçlarda verilir. Ən əsas odur ki, komandamız yaşayır, mehribançılığımız var. Biz çətin vəziyyətə olan klubu bir yerə topladıq. Stabil komanda yaratdıq. Bir çox futbolçular getmək istəsə də, onları saxladıq. Qışda heyətimizi gücləndirəcəyik.

- Transfer fəaliyyətinə start verilib? Yalnız xaricədi, yoxsa Azərbaycanda da axtarışlar aparılır?

- Azərbaycanda bir az çətin olacaq. Ölkəmizdə 6 aylıq müqavilə azdı. Hamısının müqaviləsi mövsümün sonuna qədərdi. Legionerlərlədə maraqlanacağıq. Hazırda bu işlərin üzərində çalışırıq.

- "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Nizami Hacıyevi rəhbərliyi altında görmək istəyir...

- Mən bunu sizdən eşidirəm. Bu barədə məlumatlı deyiləm.  Bütün futbolçularımızın, o cümlədən Nizaminin mövsümün sonuna - gələn ilin mayın 31-ə kimi müqaviləsi var.

- Hacıyevin getmək istədiyini hiss edirsinimiz?

- Yox. Nizami ürəkdən oynayır, can qoyur. Ondan razıyam.

- "İnter"in ev oyunlarına müəssələrdən işçilər məcbur gətirilir. Bu haqda nə deyə bilərsiniz?

- Başqa vaxt şikayət edirlər ki, stadionlar bom-boşdu, qarşılaşmalara azarkeş gəlmir. Azarkeşlər də olanda deyirlər ki, niyə bu qədər fanat var? İndi biz nə edək? (gülür) Deyin, biz də edək. Əsas odur, fanatlar gəlir. Canlı yayımda anşlaq olduğu görünür.

- onları dəvət edirsiniz?

- Xeyr, necə dəvət edək? Toydu ki, dəvət də edək?. Eşidirlər, maraqlanırlar. Nizami rayonudu, Keşlə qəsəbəsi var. Bizim layihələrimiz çoxdu. Ev oyunlarımızda lotoreya oyunu olacaq. Bu işləri qaydasına salacağıq. Lisenziya almağı gözləyirik. Nizami rayonunda əhali çoxdu. Komandamızın adı "Keşlə" olacaq. İlk olaraq Keşlə qəsəbəsində təbliğat aparılacaq.