Ramin Musayev "Qarabağ"ı "06"-ya bənzətdi: "Kişi kişini vurar da"

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bölgəyə ezam olunan jurnalistlərin suallarını cavablandırıb. Brifinqdə Musayev Divizion iştirakçılarının sayından tutmuş, “Qarabağ”ı n ÇL-dəki matçınadək danışdı.

-    Hər iki komandanın ifasında yüksək səviyyəli futbol izlədik. Oyundan razı qaldım. Xüsusilə, “Neftçi”nin.

-    Yəni, “Neftçi”dən gözlədiyiniz oyunu gördünüz?
-    Bir az da vaxt lazımdı. Görmək istədiyim oyuna lap az vaxt qalıb.

-    I Divizionda 10 komandanın iştirak edəcəyi bildirilsə də, hələ dəqiq rəqəm səsləndirilməyib...
-    Dəqiq səsləndirirəm: 10 komanda iştirak edəcək. Qalan söz-söhbətlərə fikir verməyin.

-    “Qarabağ”ı qarşıda “Roma”yla məsul oyun gözləyir...
-    “Qarabağ” “06”-dı və motoru da bu markadadı, “Roma” isə BMW-di. Ümid edək ki,  BMW “06”-ya yoldaşlıq edəcək.

-    Oyun başa çatdıqdan sonra “Qəbələ”nin bir futbolçusu digərini vurdu...
-    İnsident yaşanıb, amma vurulmağını görməmişəm.

-    Dəqiq vurub.
-    Vurub, vurub da. Kişi kişini vurar da. O ki qaldı bilavasitə suala, bu, klubun daxili işidi. Belə hadisə yaşanıbsa, cəzalandırılacaq.