Rəşad Sadiqov: "...Qəşdan sonra düzələk"

“Qəbələ”dən ayrıldıqdan sonra qısa “Zirə” karyerası yaşayan və Tərlan Əhmədovunn təyinatından sonra “Neftçi”yə keçən Rəşad Sadiqov Topaz Premyer Liqasının VI turunda səfərdə "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Yarımmüdafiəçi komandasının vəziyyətdən çıxacağına inandığını bildirdi.


- Oyunla bağlı nə deyə bilərsən?
- "Qəbələ" səfəri həmişə ağır olur. Düzdü, bu komandada oynasam da, rəqiblər üçün çətinlik yaradırlar. Buna baxmayaraq, oyunumuz pis alınmadı. Əlbəttə, iki top buraxmağımız pis oldu. Yenə də toparlanıb bir qol vurduq. Başqa şanslarımız olsa da, bəxtimiz gətirmədi. 

- Birincu hissədə "Qəbələ"nin bəxti gətirsəydi, hesab daha böyük ola bilərdi...
- Adi səhvlərdən qol buraxdıq. Rəqib bizi əks-hücumda tutub qol vurdu. Hansısa kombinasiyalı hücumları olmadı. Bizim xətalarımızdan fərqləndilər. İnşallah, Tərlan müəllim komandanı düzəldəcək. Çətinliklər çoxdu. Kollektivin üzərində çox işləyirlər.

- "Neftçi"də çatışmayan cəhətlər hansılardı?
- Əsas psixoloji durumdu. Komandanın  psixoloji durumu çox zəifdi. Ard-arda 3-4 oyun məğlub olanda futbolçularda psixoloji gərginlik yaranır. Məşqçilər bunun üzərində işləyirlər. 

- Komandanın bu vəziyyətdə olduğunu bilə-bilə "Neftçi"yə nə əcəb gəldin?
- Gəldim ki, komandaya kömək edim. Təklif Tərlan müəllimdən gəldi. Bu yerdə olmaq "Neftçi" üçün doğrudan da biabırçılıqdı. İnşallah, komanda bu durumdan çıxar.

- "Zirə"dən ayrıldıqdan sonra baş məşqçi Ayxan Abbasov səni intizamsız adlandırmışdı...
- Bu barədə danışmışam. Olub, keçib. İntizamsızlıq etməmişdim. Sadəcə, xarakterimiz üst-üstü düşmürdü. Görüşdük, söhbət edib, ayrıldıq.

- "Zirə"nin oyun taktikası ilə bağlı Abbasova iradın olmuşdu?
- Xeyr, elə bir şey olmayıb. Roman Qriqorçukdan, Tərlan Əhmədovdan, Ağasəlim Mircavadovdan da soruşa bilərsiniz. Elə bir şey ola bilməz ki, taktika ilə bağlı baş məşqçiyə nəsə deyim. Heç bir klubda belə hərəkət etməmişəm. Etmərəm də. Xarakterimə uyğun deyil. Futbolçu kimi başımı aşağı salıb, işimi görürəm.  Sadəcə, xarakterimiz üst-üstə düşmədiyində konfliktə getmək istəmədik və yollarımızı ayırdıq.

- Birinci dövrə başa çatır. Son oyunda qələbə qazana bilərsinizmi?
- Bunun üçün çalışacağıq. Bu dəfə də qələbə qazanmasaq, bu durumdan nə vaxt çıxa bilərik ki? Ümid edirəm ki, qışdan sonra düzələcək. Qışa qədər xal yığmalıyıq ki, sonra bizə rahat olsun. Ondan sonra Avropa Liqasına vəsiqə üçün oynayarıq.