Polşanın baş məşqçisi: "Belə məğlubiyyət mənim üçün acı sürpriz oldu"

Qadınlardan ibarət Polşanın voleybol yığmasının baş məşqçisi Yatsek Navrotski Avropa çempionatında Azərbaycandan alınan 0:3 hesablı məğlubiyyətişərh edib. Mütəxəssis bu cür nəticəni gözləmədiyini gizlətməyib. 

- Azərbaycan millisinə 0:3 uduzdunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Sizin komandanız bu gün hücumda çox fəal idi. Xüsusən də servisləriniz yaxşı alındı. III setdə qalib gəlmək şanslarımız vardı. Ancaq bu şansdan yararlana bilmədik.

- Polşa bu turnirin favoritlərindən biri hesab olunur. Rəqibinizdən 1 set ala bilməməyiniz sırf nə ilə bağlıdır?
- Belə məğlubiyyət mənim üçün acı sürpriz oldu. Ancaq ötən illə müqayisədə, bizim heyətimizdə dəyişikliklər var. Bəzi oyunçularımız yenidir. Hər matç bu üzdən bizim üçün çox ağır keçir.

- Deyəsən, oyun zamanı hakimin bəzi qərarlarından narazı qalmısınız...
- Bu elə bir önəm kəsb etmir. Hakim qərarları oyunun bir hissəsidir. Sadəcə, bəzi epizodlarda qərarlara özündən asılı olmadan əsəbi reaksiya verməli olursan. Oyunu biz özümüzə görə uduzmuşuq, hakimə görə yox.

- Turnirin finalı üçün hansı komandaları favorit görürsünüz?
- Rusiya, Serbiya, Hollandiya. Ancaq ola bilsin ki, Azərbaycan və Türkiyə də finala çıxsın. Bununla belə, İtaliya millisini də unutmamalıyıq. Onlar da çox güclüdür.