Milimizin məşqçisi qələbəni şərh etdi: "Almaniya ilə yenidən oynamaq istərdik, çünki..."

"İlk setdə çoxlu səhvlərə yol verdik. Topun qəbulunda problemlər yaşadıq. Bir də blok qurmaqda çətinlik çəkirdik. Bu üzdən həmin seti uduzduq. Ancaq sonra taktiki dəyişikliklər etdik. Bu da sözünü dedi. Həm rəqib hücumlarının qarşısını ala bildik, həm də qəbulu yaxşılaşdırdıq". Bu fikirləri Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin məşqçisi Famil Ağayev bildirib. Avropa çempionatının final mərhələsində qrupda son matç - Almaniyayay 3:1 hesabı ilə qalib gəldiyimiz oyunu dəyərləndirən gənc mütəxəsis Yaxşı oynayıb qələbə qazandıq. İlk setdə blok quran oyunçularımız arasında boşluq olurdu. Rəqib də həmin boşluqdan zərbəni keçirə bilirdi. Ancaq sonra bloku daha da sıxlaşdırdıq. Bundan sonra müdafiə xəttinə fikir verdik. Liberonu 1-ci zonada oynatdıq.

O, 6-cı zonadan endirilən zərbələrin qarşısını almaqda çətinlik çəkmələrinə də münasibət bildirib: "Luiza Lipman çox sürətli oynayırdı. Ona görə də ona blok qurmaqda gecikirdik. Blokçumuza zonaları bağlamağı yox, onun zərbəsinin qarşısını almağı tapşırdıq. Bu da öz bəhrəsini verdi".

Ağayev "növbəti mərhələdə yenidən Almaniya, yoxsa Bolqarıstanla qarşılaşmaq istərdiz?" sualına belə cavab verib: "Əlbəttə, Almaniya ilə yenidən oynamaq istərdik. Çünki almanların gücünü artıq bilirik. Həm də bolqarların ucaboy oyunçularının hündür blokunu yarmaq çətin olacaq".