Azad Rəhimov: “Gözləməzdik ki, “Qarabağ” “Roma”nı belə sıxar”

Gənclər və İdman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Roma” (1:2) oyunu haqda danışıb.

Olimpsport.az saytına açıqlamasında nazir Ağdam klubunun oyunundan razılığını ifadə edib:   

“Komandamızın oyununu böyük qürur hiss ilə izlədik. Gözləməzdik ki, “Qarabağ” dünyaca məşhur İtaliya klubu “Roma”nı qapısına doğru belə sıxar. “Qarabağ” gündən-günə inkişaf edir. Bu, təmsilçimiz üçün böyük təcrübədir. İnanırıq ki, gələcəkdə də “Qarabağ” azarkeşləri öz inamlı oyunu ilə sevindirəcək”.

Azad Rəhimov Bakı Olimpiya Stadionunun 2019-cu ildə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etməsinə də münasibət bildirib:

“Azərbaycan daim mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. UEFA da məhz bu səbəbdən Bakıya etimad edib. İnanıram ki, bu cür möhtəşəm oyunun da öhdəsindən yüksək səviyyədə gələcəyik”.