Roman Qriqorçuk: "Bütün məsuliyyəti üzərimə götürürəm"

Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis uğursuz oyuna görə, yetirmələrini tənqiddən qorumaq istədiyini bildirib.

-    Razısınız ki, bugünkü oyun çempionluğa iddialı komandanın futbolu deyildi?
-    Bugünkü oyuna görə necə desəniz haqq qazandırmaq olar. Ancaq bizim daha yaxşı oynamaq potensialımız var.

-    İkinci qoldan sonra müdafiəçilər mövqelərini dəyişdilər. Bu, tapşırıq idi, yoxsa oyunçularınız özlərini itirmişdi?
-    Bultuisi meydandan çıxardıqdan sonra 3 müdafiəçiylə oynayırdıq. Hücumu gücləndirmək istəyirdik. Təəssüf ki, istəyimizə çatmadıq.

-    Nəticədən başqa nədən narazı qaldınız?
-    Bütün günahı üzərimə götürürəm. Kimisə günahlandırmaq istəmirəm. Çünki futbolçular çalışırdılar. O başqa məsələ ki, hər şey istədiyimiz kimi alınmırdı. Ancaq bu cür günlər futbolda olan şeydi. 

-    Mövsümün əvvəlindən komandanız özünə bənzəmir. Bu məğlubiyyəti komandanız üçün bir “şillə” kimi dəyərləndirmək olar?
-    Əlbəttə, istəyərdik ki, bu, cari mövsümdə son məğlubiyyət olsun. Ancaq münəccim deyiləm. Necə olacağını heç kim bilmir. İndi əsas istəyim budu ki, futbolçularımın üzərinə heç kim getməsin. Bütün məsuliyyəti üzərimə götürürəm.(sport24.az)