Yarolim millimiz müdafiəsini yaxşı sayır: "Bizim üçün yarımmüdafiənin cinahları və Almeyda təhlükə törədə bilər"

Çexiya yığmasının baş məşqçisi Karel Yarolim 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasıyla oyun öncəsi mətbuat konfransı keçirib. Bakı Olimpiya Stadionunda jurnalistlər qarşısına çıxan çexiyalı mütəxəssis milli komandamızla oyuna yaxşı hazırlaşdıqlarını deyib: "Son iki oyunda maksimum xal toplamaq istəyirik. Azərbaycan yığması haqqında kifayət qədər məlumat əldə etmişik. Rəqibin yaxşı müdafiə xəttinə malik olduğunu bilirik. Bu insanlar futbol oynaya bilirlər. Bizim üçün yarımmüdafiənin cinahları və Riçard Almeyda təhlükə törədə bilər. Mərkəz müdafiəçilərin də qeyd edərdim. Bilet qiymətlərinin ucuz olmasına gəlincə, mənim maraqlanmalı olduğum başqa işlər var. Bunu heç vaxt düşünməmişəm. Görünür daha çox insan cəlb etmək istəyirlər. Onu deyə bilərəm ki, bizim üçün vacib qarşılaşmadır". 

"Bu cür qrupda Çexiya yığmasının 9 xal yığması faciəvi nəticə deyilmi" sualını Yarolim belə cavablandırıb: "Biz də istəyirdik daha çox xal yığaq. Amma nə etmək olar, belə alındı.  Azərvaycan və daha sonra San-Marino ilə oyunlarda qələbə qazanmağa çalışacağıq". 

Qonaqların baş məşqçisi sabahkı oyunda kimlərə şans verəcəyini açıqlamayıb: "Hər an dəyişiklik ola bilər. İndi düşündüyüm heyət var. Ancaq sabaha kimi çox şey dəyişə bilər. Son məşqdən sonra qərarımı verəcəm".