Rəşadın millidən daha öncə getməsnə Prosineçki imkan verməyib: "Bəzi futbolçularımız var ki, 5-6 il sonra rekordumu yeniləyə bilərlər"

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığması ilə sabahkı oyun öncəsi mətbuat konfransında iştirak edib. Millimizdə vida matçını keçirəcək 35 yaşlı kapitan onları ciddi rəqiblə sınaq gözlədiyini bildirib.

Çexiya yığmasının son 2 oyununu izləmişik. Rəqib çox yaxşı formadadı. Hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Şəxsi fikrim belədir ki, çexlər Şimali İrlandiya millisindən iki baş üstün oyun göstərirlər. Biz də matça yaxşı hazırlaşmışıq. Sonuncu ev oyunumuzd. Bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik. 

- Millidə çıxış etdiyin 16 il ərzində 110 oyun keçirmisən. Sabah isə yığmada sonuncu matça çıxacaqsan. 

- Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi oyun gözlədiyimdən fikrimin dağılmasını istəmirəm. Komanda şəklində oyuna köklənmişəm. Milliyə gəldiyim ilk gündən əlimdən gələni etmişəm. Bunun nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Hesab edirəm ki, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Millidə çıxışını bitirmək asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas məsələ odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdı.

- Millidə yaxın gələcəkdə rekordlarınl yeniləyəcək futbolçu görürsüzmü?

- Əvvəla, penaltini digər futbolçu daha yaxşı vurursa, sabah da o bunu yerinə yetirməlidi. Məsələyə yanaşmam belədi. Rekorda gəlincə, elə futbolçularımız var ki, 25-26 yaşında yığmada 60-70 oyun keçiriblər. Rekordum yalnız oyun sayı ilə bağlıdı. Bəzi futbolçularımız var ki, 5-6 il sonra rekordumu yeniləyə bilərlər.

- Bəs davamçınız olaraq kimi görürsüz?

- Bu sual mənə dəfələrlə verilib. Amma məsələ ondadır ki, buna konkret cavab vermək olmur. Bəli, namizədlər var. Yoldaşlıq oyunlarında futbolçuların özlərini necə göstərməsindən çox şey asılı olacaq. Növbəti seçmə mərhələyə kimi 1 il vaxt qalıb. Baş məşqçimiz Robert Prosineçkiyə minnətdarlığımı bildirmək istəyirəm. Hələ Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra yığma karyeramı bitirmək istəyirdim. Dedim ki, çıxıb mətbuata açıqlayacağam. Onda məşqçimiz Mahmud Qurbanov mənə tələsməməyi məsləhət gördü. Çıxdım otaqdan, amma mətbuatdan heç kim yox idi. Sanki Allahın qisməti idi. Sonra Prosineçki yığmamıza gəldi. Bir az “sönmüşdüm”, amma o, məni çox motivasiya etdi. Yığmada 100 oyun keçirmək istəyim var idi. Buun olduğu İtaliya ilə matçdan öncə baş məşqçiyə dedim ki, milli karyeramı bitirmək istəyirəm. Amma o, yenə məni fikrimdən daşındırdı. Buna görə peşman deyiləm. 

Fikirmcə, yığmada ən maraqlı seçmə mərhələni keçirdim. Yaxın ətrafıma demişdim ki, dünya çempionatına çıxmaq şansımız bitən anda karyeramı bitirəcəm. Amma Şimali İrlandiyaya məğlubiyyətdən sonra yenə Prosineçki ilə danışdım. Ona dedim ki, artıq missiyam başa çatıb, yığma isə AVRO-2020-nin final mərhələsinə çıxmağı hədəfləməlidi. Lakin yenə məni fikrimdən daşındırdı. Bu dəfə isə qərarım qətidi. Özünə də dedim ki, icazənlə artıq yığma karyeramı bitirmək istəyirəm. Çünki həm milli, həm də özüm üçün ən doğru qərar budu.