Elxan Məmmədov "6+5" sistemini müsbət sayır: "Legioner limitinin dəyişdirilməsi hazırda gündəmdə deyil"

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın Çexiya yığması ilə ev oyunu öncəsi brifinq keçirib. Qurum rəsmisi jurnalistlərin suallarını cavablandırıb. 

- Millimizin son ev oyunundan nə gözləyirsiniz?

- Bəli, millimizin son ev oyunudu və komandamız seçmə mərhələdə öz meydanındakı son matçına xüsusi motivasiya ilə çıxacaq. Təbii ki, kapitan Rəşad Sadıqovun da son oyunudu. Millimiz buna görə də məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri sevindirsinlər. Ümid edirik ki, millimiz sabah yaxşı oyun göstərəcək və 3 xalı qazanmağa çalışacaq.

- Gələcəkdə Rəşadın yerində kimi görürsünüz?

- Bilirsiniz, bu, baş məşqçidən asılıdı. Növbəti seçmə mərhələ 11 ay var. Həmin mübarizə 2018-ci ilin sentyabrında başlayacaq. Həmin vaxtadək müdafiəçilər özlərini müsbət tərəfdən göstərməyə çalışacaqlar ki, baş məşqçi Rəşadın mövqeyinə yeni kadr seçsin. Təbii ki, həmin futbolçunun dərhal kapitan olması şərt deyil. Kapitan olmaq üçün özünü sübut etmək lazımdı. Rəşad futbolçu kimi öz sözünü deyəndi. 

- Bir şeyi nəzərə alaq ki, Sadıqovun çıxış etdiyi mövqedə klublarımızda ya legionerlər oynayır, ya da milliyə layiq olmayanlar...

- Baxaq da. Həyat göstərəcək. 

- Sabah AFFA-nın İcraiyyə Komitəsinin ixlasında digər məsələlər arasında baş məşqçi Probert Prosineçkinin gələcək taleyinin müzakirəsi nəzərdə tutulub?

- Yox. Sabahkı iclasın gündəliyi artıq elan olunub. Sabah Region Liqası ilə bağlı müzakirələr olacaq. İcraiyyə Komitəsinə bəzi təkliflərimizi hazırlamışıq. Buna baxsınlar və qərar versinlər. Bundan əlavə, lisenziyalaşdırma ilə bağlı dəyişiklər var və onları tətbiq edəcəyik. Baş məşqçi ilə bağlı heç bir danışıqlar aparılmayacaq. Çünki hələ 2 oyunumuz var.

- Ancaq bu, nəticəyə heç bir təsir etmir...

- İcraiyyə Komitəsi baş məşqçi məsələsinə görə yığışmır. Semə mərhələ bitəndən sonra qurumun yenidən iclas keçirməsi gözlənilir.

- Noyabrda yoldaşlıq görüşü keçirmək planda var?

- Əslində, bu məsələ haqda son 2 oyundan sonra ilə danışmağı Prosineçkiylə qərara aldıq. Nəzərə almaq lazımdır ki, "Qarabağ" Çempionlar Liqasında oynayır. Onun futbolçularını millinin yoldaşlıq görüşünə görə də yükləmək düzgün olmaz. Təbii ki, baş məşqçilər bu məsələni öz aralarında danışacaqlar. Oynamaq arzusunda olsalar, biz digər federasiyalarla danışacağıq və rəqib komanda tapılacaq.

- Bəzi klub rəsmiləri legioner limiti ilə bağlı çox narazılıqlar edirlər. Buna gələcəkdə baxılması planda var?

- Hal-hazırda gündəmdə belə məsələ yoxdu. Bildiyiniz kimi, İcraiyyə Komitəsi neçə il bundan qabaq legioner limiti ilə bağlı qərar verir. Artıq 4-cü ildir "6+5" sistemiylə gedirik. Fakt və rəqəmlər göstərir ki, həmin limit müsbət təsiri verdi. Yadınızdadır, 2008-ci ildən sıfırdan başladıq, limit yox idi. Bundan sonra 2 ildən bir sitsematik limiti tətbiq edirdik. Həmin limiti tətbiq edəndən sonra "Neftçi"miz, "Qəbələ"miz, "Qarabağ"ımız Avropa Liqasının, Çempionlar Liqasının qrupuna düşdülər, milli komandamız, 21 yaşlılarımız daha yaxşı nəticələr göstəmərə başladı. Unutmayaq ki, bu, FİFA tərəfindən tövsiyə olunmuş sistemdi. Hər zaman bizi digər Avropa ölkələri ilə müqayisə edirlər. Ancaq yaddan çıxartmayaq ki, Avropa Şurasında ayrı qayda, qanun var. Orda sərbəst işçilərin, futbolçuların Avropa Şurasına üzv olan ölkələrdə oynamasında problem yoxdu. Bir futbolçu 2-3 vətəndaşlıq ala və sonra seçim edə bilər. Bizdə isə tamamilə ayrıdı, xaricdən gələn futbolçu legioner sayılır. Məsələn, İngiltərə, İspaniyada, Fransada legioner sayılmır. Çünki o, digər Avropa Şurasının üzvünün nümayəndəsidi. Hal-hazırda nəticələr göstəri kİ, "6+5" sistemi öz müsbət nəticəsini verdi. 

- Regionlar Liqada neçə komandanın olması planda var?

- Bir neçə alternativ var. Həmin təklifləri İcraiyyə Komitəsinin sabahkı iclasına təqdim edəcəyik. Orda bir neçə mexanizm var. Regionlar Liqasını 4 bölgəyə bölmək, seçmə mərhələ, sonra final mərhələsi. Və ya bir liqa olsun, ev-səfər prinsipi ilə oynasınlar. Təbii ki, bu liqa həvəskar statustunda olacaq. 

- Düşünmürüsünüz ki, mükafat məsələsi I Divizion komandalarının ora düşməsinə təsir edə bilər? Çünki divizionda ordan fərlqi mükafat yoxdu...

- Əslində, orda mükafat olunması təklifi sabah olunacaq. Lakin onu da unutmayın ki, bu, pilot layihəsi olacaq. Biz istəyirik ki, regioner komandalarını bu liqaya cəlb edək. Əlbəttə, gələcəkdə peşəkar statusu almaq istəyirsə. Təbii ki, ikinci stimullaşdırma faktı mükafatdı.

- PFL prezidenti Ramin Musayev bildirib ki, gələn mövsümdə I Diviziondan 4 komanda Premyer Liqaya gələcək. Aşağı liqada idə ildən-ilə komandaların sayı azalır. Bu, nə dərəcədə doğru ehtimaldı?

- Əslində, bu, ilk növbədə arzumuzdu ki, 8-dən 10-a qalxaq, sonra da 10-dan 12-yə. Lakin hal-hazırda I Diviziondan Premyer Liqaya komandanın gəlməsyilə bağlı müraciət almamışıq. Məncə, 10-12 komanda Azərbaycan üçün daha idealdı. 

- I Divizionda 4 yox, 3 dövrə keçiriləcək. Nəticədə bəzi komandalar 1 oyun az keçirəcəklər. Buna razı olacaqlar?

- Bəzi komandaların artıq razılığını almışıq, fikirlərini öyrənmişik. Düşünürük ki, problem olmayacaq. Bundan əlavə, biz istəyirik kubok da təsik edək və əlavə olaraq bu yarışı da keçirək. Bu, paytaxt kuboku ola bilər. Yaxud bir sponsor tapsaq, onun adıyla bağlı keçirək, I  Divizion üçün əlavə matçlar olsun. Premyer Liqa klubları da bu kubok mübarizəsində iştirak edə bilərlər. 

- Premyer Liqadan aşağı düşən komanda olacaqmı?

- Hazırda bunu demək çətindi. Bilirsiniz, I Divizionda şəraiti nəzərə almaq lazımdı. İndi hər şey sponsorla bağlıdı. I Diviziondakı komanda Premyer Liqada iştirak üçün lisenziya ala bilməsə, onun gəlməsinə icazə verə bilmərik. 

- Onda belə çıxır ki, 8-ci yeri tutan komanda Premyer Liqada çıxış edə bilər? 

- Bu, mümkündü.