Emin Mahmudov: “Mən vaxt itirmək istəmirdim”

“Neftçi”nin futbolçusu Emin Mahmudov “Qəbələ” ilə yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Artıq komandaya uyğunlaşmısan?
- Bəli, uyğunlaşmışam. Bu, elə də çətin olmadı. Çünki uşaqların bəzilərini əvvəldən də tanıyırdım.  Həmçinin baş məşqçimiz də bu məsələdə mənə kömək oldu.
 
- “Neftçi”yə gəlişinin tarixinə də toxunaq. Bu, necə baş verdi?
- Təklif oldu və mən də bu təklifi qəbul etdim.
 
- Səni bu qərara gəlməyə nə vadar etdi, daimi oyun praktikası ya necə?
- Bəli, ilk növbədə daimi oyun praktikası. BU məqam mənim üçün çox vacib idi. “Boavişta”da qala bilərdim. Mənə qalmaq da təklif olundu. Lakin daimi oynamaq istədiyim üçün ordan ayrıldım. Çünki daimi oynamaq üçün darıxmışdım.
 
- Rusiya futbol publikasına tanış simasan. Bu ölkənin ən azı I Divizionunda oynamaq imkanın yox idi?
- Hətta Premyer Liqa variantları da var idi. Sadəcə, konkret heç nə yox idi. Mən isə vaxt itirmək istəmirdim.
 
- Necə düşünürsən, “Neftçi”ni seçməkdə uğurlu seçim etdin?
- Bəli.

- Azərbaycan çempionatı haqda düşüncələrin, fikirlərin necədir?
- Burda komandalar daha çox topla oynayırlar, daha çox ötürmə edirlər. Təbii ki, Azərbaycan çempionatını Portuqaliya çempionatı ilə müqayisə etmək olmaz. Orda temp daha yüksəkdir, inkişaf daha sürətlə gedir, futbolçular meydançada daha çox pressinq edir.
 
- “Neftçi”də qarşına qoyduğun əsas məqsəd nədir?
- Komandaya fayda vermək və daha yüksəyə qalxmaq.
 
- Millinin Çexiya ilə oyunu haqda nə deyə bilərsən:?
- Oyuna baxmadığım üçün bir söz deyə bilmərəm.(sport24)