Elxan Məmmədov: "Prosineçki bizə demədi ki, Azərbaycan millisindən gedirəm"

AFFA-nın baş katibi Elxan Məmmədov müsahibə verib.Həmin müsahibəni təqdim edirik. 

- Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində Azərbaycanda yığmasında qalmayacağını bildirib. Bununla bağlı hər hansı danışığınız olmuşdu?

- Bilirsiz ki, ilin sonunda onun müqaviləsi başa çatır. Biz onunla bir neçə ay öncə danışmışdıq ki, seçmə mərhələ oyunları başa çatandan sonra masaya oturub danışıq aparacağıq. Ümumiyyətlə, müzakirələr yalnız tskil bitəndən sonra olacaq. O, seçmə mərhələ haqqında bizə hesabat verəcək və yəqin ki, yaxın 2-3 həftə ərzində bu görüş olacaq. Onsuz da müqavilə ilin sonuna qədərdir.  Mətbuatda çıxan xəbərlə bağlı isə heç bir məlumatım yoxdur. Prosineçki bizə millidən ayrılacağını və ya başqa heç nə deməyib. Yəqin ki, Robert oyunlardan sonra hansısa təkliflər alıb. Məsələn, bəzi məşqçilər var ki, özləri bizə müraciət edirlər ki, biz Azərbaycan yığmasında işləmək istəyirik. Bu normal haldır və ənənədir. Yəqin ki, Prosineçki millilərdən də, klublardan da təklif alıb. AFFA tərəfindən onun haqqında heç bir qərar yoxdur. İcraiyyə Komitəsinin növbəti iclasında məsələyə baxılacaq. 

- Millidə qalmaq ehtimalı varmı?

- Bu suala cavab verə bilməyəcəm. Çünki Robert bizə demədi ki, mən Azərbaycan yığmasından gedirəm. Biz razılaşmışıq ki, birlikdə bu məsələni müzakirə edəcəyik. Bu müzakirə də İcraiyyə Komitəsinin iclasından sonra olacaq. Biz ona təklif etsək, imtina edəcək və yaxud razılaşacaq heç bir şey deməyib. 

- Ona olan başqa təkliflərdən xəbəriniz var idi? Çünki son zamanlar Sloveniya və Xorvatiya millisi ilə adı hallanırdı...

- Xorvatiya yığmasından əvvəl də təklif almışdı. Yadınızdadırsa, Bakıda Azərbaycan – Xorvatiya (0:0) matçından sonra da o, ölkəsinin yığmasına ən real namizədlərdən idi.  Amma bununla bağlı rəsmi olaraq bizə heç bir müraciət olmamışdı. 

- Prosineçki gedəcəyi təqdirdə baş məşqçi postuna namizədlər varmı?

- Biz istəyirik ki, məsələyə peşəkar yanaşaq. Heç bir namizəd hələ ki, yoxdur. Bizim hələ ki, müqaviləmiz var və ordakı şərtlərə əməl edirik. Həmçinin də bizim qarşıda kifayət qədər vaxtımız var. Tələsməyə heç bir lüzum yoxdur.  Hələ ki, müqavilənin sona çatmasını gözləyirik. Şifahi də, yazılı da olsa, hesabatına baxacağıq.  İcraiyyə Komitəsinin iclasında da qərar veriləcək. Namizədlər də ondan sonra orada müzakirə olacaq. Bugünə qədər heç bir məşqçi ilə danışıqlar aparmamışıq. 

- Milli komanda noyabr ayında yoxlama görüşləri planlaşdırılmışdı? Bu necə olacaq?

- Onu komandanın baş məşqçisi ilə danışacağıq. Bir neçə federasiya bizimlə yoxlama görüşü keçirməyi düşünür. Amma biz ölkə çempionatını və “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını da düşünməliyik.  Komanda qrup mərhələsində çıxış edir.  Yoxlama görüşünü evdə keçirsək, düzgün olmaz, səfərə getmək lazımdır. Lakin səfərdə də olanda futbolçular yorulacaq. (qafqazinfo.az)