Təmkin Xəlilzadə media qarşısında söz verdi: "Ulduz xəstəliyi"nə tutulmayacağam"

"Zirə"nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqasının VIII turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikdən sonra müsahibə verib. Matçda dubl edən millimizin yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırıb. 

- İlk dövrədə də “Kəpəz”ə iki qol vurmuşdun. Deyəsən, Gəncə klubunu qaralamısan...

- Xeyr, belə deməzdim. Hər görüşə qələbə üçün çıxırıq. Bu gün də belə oldu. Əsas odu ki, qalib gəldik.

- Almaniya ilə matçdan sonra sanki canlanmısan. Azərbaycan çempionatında Almaniya yığmasındakı kimi futbolçular olmur. Buna görə də Topaz Premyer Liqasında rahat çıxış etdiyini demək olar?

- Hardasa sizə haqq qazandırıram. Almaniya millisi top yığmalardan biridi. Heyətində yüksək səviyyəli futbolçular var. Onlara qarşı oynamaq qürurvericidir.  Bizim üçün yaxşı təcrübədir. Bizim çempionat da yaxşıdı, oynamaq çətindi. Bura elə güclü legionerlər gəlib ki, bu çempionatdan baş açmayıb gediblər.

- Son zamanlar təriflənirsən, diqqət mərkəzindəsən.  Azarkeşlər narahatdır ki, Təmkin “ulduz xəstəliyi”nə tutular və inkişaf əvəzinə, geriləyəsən. Çünki azərbaycanlı futbolçular təriflənəndə belə olur...

- Sizin vasitənizlə azarkeşlərə  söz verirəm ki, belə bir şey baş verməyəcək, "ulduz xəstəliyi"nə tutulmayacağam. Yaxşı deyiblər ki, ağac bar verəndə başın aşağı əyər. Təmkin daha çox artırmağa çalışacaq. Narahat olmasınlar.

- İlk hissə bitən kimi zədələnmişdin. Gözləyirdik ki, əvəzlənəcəksən, amma oyuna davam edib dubla imza atdın...

- Həmin epizodda yerə pis düşdüm. Belimdə ağrı hiss edirdim. Həkim ağrıkəsici vurdu.

- Baş məşqçiniz Ayxan Abbasov oyunun gedişində tez-tez əsəbiləşirdi və fasilədə oyunçulara kəskin etiraz etdi...

- O, jomandanı ayıltmaq istəyirdi. Ev matçı olduöundan 3 xal əhəmiyyətli idi. Qələbə qazanmaləydıq. İkinci hissədə tapşırıqları düzgün yerinə yetirdik və önəmli qələbə əldə etdik.

- Artıq bombardirlər cədvəlində 4 qolun var və milli komanda yoldaşın Mahir Mədətovdan 1 top geridəsən. Müdafiəçi kimi bombardir olmaq məqsədi qarşına qoymusan?

- Bombardir olmağı hər oyunçu istəyir. Ancaq mən belə bir məqsəd qoymamışam. Mənim üçün “Zirə”nin qələbəsi daha vacibdi. Bu gün 5 qol vurub, amma 5:6 hesabı ilə uduzsaydıq, bu, mənim üçün əhəmiyyətsiz bir şey olacaqdı. Qələbədə pay sahibi olmaq əladır

- “Zirə”nin cari mövsümdə hədəfi nədi?

- Desək ki, çempionluq üçün oynayırıq, düzgün olmaz. Hər oyuna vuruşmağa çıxırıq. Çempionatın sonunda bütün suallara aydınlıq gələcək.

- Robert Prosineçkinin millidən gedəcəyi gözlənilir. Səncə, qalsın, yoxsa getsin?

- Bu suala cavab vermək mənim səlahiyyətlərimə aid deyil. Buna AFFA rəhərliyi qərar verir. Bir futbolçu kimi onu deyə bilərəm ki, Robert Prosineçkinin dövründə yığmamız yaxşı oyun sərgilədi. Bu işə AFFA qərar verəcək.

- Millidəki yerini möhkəmlətdiyini demək olar?

- Hər şey özümdən aslıdı. 

- Hücumda daha effektli çıxış edirsən.  Millidə isə sol cinah müdafiəçisi oynayırsan. Bu yerdəyişməyə görə çətinlik çəkmirsən?

- Məşqçi hara desə, qapıya da qoysa, orda oynayırıq. Yarımmüdafiədə oynamaq mənə daha rahatdı. Topla oynamağı sevirəm. Amma məşqçi nə deyirsə, futbolçu onu etməlidir.