Rəşad Sadiqov: "Səbail"ə borcumuz vardı, onu artıqlaması ilə qaytardıq"

"Neftçi"nin vitse-kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının VIII turunda "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifiqn keçirib. Təcrübəli futbolçu "Dalğa Arena"dakı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- "Neftçi" nəhayət, böyükhesablı qələbəylə azarkeşlərini sevindirdi. Belə inamlı qələəbyə əsas səbəb nə oldu?

- Həmin komandadır, heç nə dəyişməyib. "Neftçi"yə Tərlan Əhmədovun baş məşqçi təyin olunmasından cəmi 2 futbolçu gəlib - mən və Emin Mahmudov. Sadəcə, mənə elə gəlir ki, Tərlan müəllim komandaya inam, qələbə ruhu gətirib. Onun gəlişindən sonra ilk 2 oyundan məğlub ayrılsaq da, yaxşı oyun göstərmişdik. Həmin vaxt demişdim ki, qalibiyyətlər gələcək. Belə də oldu. Fikrimcə, bu qələbələrin ardı gələcək.

- Rəqibi kiçiltmək istəməzdik, ancaq komandalar arasında səviyyə fərqi böyük olduğunu nəzərə almaq lazımdı. Buna görə də "Neftçi"ni bu 4:0 hesablı qələbə arxayınlaşdırmamalıdı...

- Bu oyunda da arxayınlıq yox idi. Hətta ilk 2 qolu vurduqdan sonra da. Daha yaxşı oynamaq istəyirik. Nə qədər qol vura biliriksə, vuracağıq. Rəqibi aşağılamaq olmaz. Çünki "Səbail" ilk dövrədə "Kəpəz"i də, elə "Neftçi"ni də məğlub edib. Hər bir komandaya başağrıdı. Sadəcə, bu gün komandamız daha yaxşı, daha istəkli oynadı və böyükhesablı qələbə qazandı". 

- Məcburiyyətdən müdafiənin mərkəzində oynamalı oldun. Necə təəssürat oyatdı?

- Açığı, çətinlik çəkmədim. Çünki "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da, "Qəbələ"də də, millidə də bir neçə dəfə bu mövqedə çıxış etmişəm. Ona görə də bu mövqe mənə yad deyil. Rahat oynadım.  

- "Səbail" ilk dövrədə "Neftçi"yə məhz elə bu stadionda qalib gəldiyinə görə bunun əvəzini çıxmaqla bağlı qisas hissi var idi?

- Həyatda belə bir şey var ki, kiməsə borcun olursa, o borcla yaşamaq olmur. Hətta yatanda da yada düşür və o zaman narahat olursan. Oyundan qabaq da komanda yoldaşlarıma dedim ki, borcumuz var, qaytarmaq lazımdır. Bu borcla yaşamaq olmaz. Sağ olsunlar, borclarını artıqlaması ilə qaytardılar.