Simeone Qarabağın tarixini bilmədiyinə görə üzr istədi: "Qarabağ"la mərkəzdə, cinahlarda və hücumda yaxşı oyunçular var"

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.Argentinalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- İlk iki oyunda uğursuz çıxış etməyimizə baxmayaraq, komandama inamım tamdır. İnanıram ki, komandam sabah bizə lazım olan nəticəni qazanacaq.

- “Barselona” ilə heç-heçə etdiniz. Bu nəticədən sonra narahatsız?

- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan oyuna artıraq. “Roma” ilə qələbə qazanmalı olduğumuz matçda heç-heçə etdik. “Çelsi” ilə oyunda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağımıza inanıram.

- Sabahkı rəqib o qədər də güclü deyil. Hansısa dəyişiklik gözlənilir?

- Komandanın qələbəsi üçün hansı dəyişiklik lazımdırsa, ediləcək. Vaxtilə “Astana” və “Rostov”la oyunlarda xallar itirmişdik. Sabah bizi elə də asan oyun gözləmir.

- “Qarabağ”da hansı oyunçuları təhlükəli hesab edirsiniz?

- “Qarabağ”da mərkəzdə, cinahlarda və hücumda yaxşı oyunçular var. Miçel onlardan biridir. Hər oyuna fərqli hazırlaşırıq. Meydana çıxanda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı matç “Atletiko”ya hansı çətinliyi yarada bilər?

- Burda özümü çox yaxşı hiss edirəm. İlk dəfə gələndə də belə olmuşdu. Düzdür, “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Ancaq bu komanda fərqli-fərqli oyun nümayiş etdirir. “Çelsi” və “Roma”yla oyunlarda tam fərqli oyun sistemindən istifadə etmişdilər. Bu komandaya qarşı oyunda diqqətli olmalıyıq.

- “Çelsi” ilə oyuna kimi komanda La Liqada böyük hesablı qələbələr qazanmışdı. Lakin həmin oyundakı məğlubiyyətin ardından nəticələr pisləşib...

- Biz hər oyuna ciddi yanaşırıq. Öz üzərimizdə daim çalışırıq. Nəticə də özünü göstərəcək.

- “Atletiko” bir müddət öncə Azərbaycanla əməkdaşlıq edirdi. Bizim ölkəmiz və Qarabağ haqda nə deyə bilərsiz?

- Qarabağın tarixi barədə məlumatım yoxdu. Buna görə üzr istəyirəm. Yalnız sizin futbolunuz barədə məlumatım var. Burdakı əməkdaşlıq bizə uğurlu gəlmişdi. Həmin ildə bir çox uğurlar qazanmışdıq.