Simeone sualdan yayındı: "Qarabağ" bizi əks-hücumlarda cəzalandırmaq istəyirdi"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Qarabağ”la səfərdə qolsuz bərabərliyə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. Madrid klubunun argentinalı çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb. 

- Gözlənilməz nəticə oldu. Nə baş verdi?

- Gözlənilməz nəticə oldu. İlk hissədə vacib şansları qaçırdıq. Bu da ikinci hissədə bizi təzyiqdə saxladı. Xal itirdik. Komandama inanıram. Sabahdan nəyin üzərində işləməli olduğumuz üzərində çalışacağıq. 3 ay əvvəl yeni müqavilə bağlayanda əlimin altında nə olduğunu bilirdim.

- “Qarabağ” haqqında nə düşünürsünüz?

- Oyuna hazır idik. Qapıçınızı xüsusi vurğulamaq istəyərdim. Boş zonadan yaxşı istifadə edirdilər. Müdafiədən hücuma yaxşı keçirlər.

- Sanki nəsə çatışmırdı. Fiziki çatışmazlıq var? Sanki çox hərəkətsiz görünürdünüz...

- Sualla razı deyiləm. Sadəcə, yaratdığımız imkanlardan istifadə edə bilmədik.

- Sizcə, “Qarabağ” 3 xal itirdi, ya “Atletiko” 1 xal qazandı?

- Bu cür suallara şərh etmək istəmirəm. Onu deyə bilərəm ki, 3 xala ehtiyacımız var idi və rəqib də bunu bilirdi. Buna görə də əks hücumlara çıxmaq istəyirdi. Amma bu da onlarda alınmadı.

- Son 4 oyunda “Atletiko” qələbə qazanmayıb. Bu vəziyyətdən narahatsınız?

-Xeyr, narahat deyiləm. Pis çıxış etmirik. Oyunçularım həvəslər vuruşdular.