"Atletiko Madrid" 12 nəfərlə 10 nəfər qalmış "Qarabağ"ı məğlub edə bilmədi - FOTO

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın “Atletiko” ilə 0-0 hesablı bərabərliyə qaldığı matça damğa vuran epizod 75-ci dəqiqədə baş verib. Təmsilçimizin hücumçusu Dino Ndlovu rəqibin cərimə meydançası daxilində Dieqo Qodini aldadıb keçərkən yerə yıxılıb. Fransız hakim Ruddi Buke isə bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu cəzalandırıb. İkinci sarı kartı alan Ndlovu meydandan qovulub.

Televiziyada epizodun videotəkrarında açıq-aşkar görünüb ki, həmin epizodda Qodinin ayağa müdaxiləsi nəticəsində Ndlovu yıxılıb. Qodinin bu hərəkətini görməyən və ya doğru qiymətləndirməyən fransız hakimin səhv qərarı nəticəsində “Qarabağ”ın penalti, bəlkə də 3 xal qazanmaq şansı əlindən alınıb. Beləliklə fransız hakimin Madrid təmsilçisinə köməklik etməsi o deməkdir ki, "Atletiko Madrid" 12 nəfərlə 10 nəfər qalmış "Qarabağ"ı məğlub edə bilmədi.