Radimov Şeydayevin Azərbaycanda itib-batacağını sayır: "Ramilin peşman olduğunu hiss edirəm"

"Ramil Şeydayevin Azərbaycana gedişi "Zenit" və Rusiya üçün çox ciddi itkidir. Başa düşmürəm Kİ, belə bir oğlanı necə itirmək olar?". Bu fikirləri “Zenit -2” komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.

42 yaşlı rusiyalı mütəxəssis “Sport-Ekspress” qəzetində müsahibəsində keçmiş yetirməsi Ramil Şeydayevin Azərbaycan millisində oynamaq qərarına münasibətini bildirib. O, Ramil Rusiya I divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurduğunu diqqətə çatdırıb: "Bu, bir möhür idi. Şeydayev həmin mövsüm 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatanda onunla dəfələrlə söhbətləşdim. Şeydayev "mən qərar verdim" deyən insan deyil. O, mənə söylədi  ki, Nikolayiç, bir neçə variantım var. Vəssalam. Sonradan xəbər tutdum ki, hər şey həll olunub. Geriyə yol yoxdur".

Radimov Şeydayevin vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmir: "Onun Rusiyadan gedişinə təəssüflənirəm. İndi "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. Ramil müqavilə üzrə "Trabzonspor"a məxsusdur. Ramillə hazırda da tez-tez danışıram. İndi də əla münasibətlərimiz var. Hərdən yazışırıq".

Baş məşqçi Şeydayevin peşman olduğunu hiss edtdiyini bildirib: "Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda klubları gəzəcək. Bəlkə də Azərbaycanda itib-batacaq".

Xatırladaq ki, ötən ildən Azərbaycan vətəndaşlığını qəbul edərək millimizdə  çıxış edən 21 yaşlı hücumçu bu yay icarə əsasında "Qarabağ"a keçib.