"Səbail"in legioneri: "Kapitanla olan problemi öz aramızda həll etdik"

"Bu gün çox yaxşı oyunla qələbə qazandıq. Ötən turda "Neftçi"yə böyük hesabla uduzmuşduq. Həmin məğlubiyyəti unutdurmaq istədiyimizə bu gün meydanın hər qarışı uğrunda mübarizə apardıq". Bu fikirləri "Səbail"in legioneri Maudo Jarjue Topaz Premyer Liqanın IX turunda "İnter"ə evdə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda açıqlamasında bildirib.

Qvineya-Busaudan olan 20 yaşlı müdafiəçi matçın sonlarında kapitanı Eltun Yaqublu ilə aralarındakı mübahisəyə belə aydınlıq gətirib: "Əslində aramızda elə də böyük bir şey baş vermədi. Oyunun sonları idi, qələbə qazanmaq istəyirdik. Hamı gərgin idi. Bu səbəbdən aramızda kiçik problem oldu. Artıq hər şey qaydasındadı. Problemi öz aramızda həll etdik".

Jarjue komandasının cari mövsümdəki çıxışını da dəyərləndirib: "Gənc komandayıq. Hər oyundan sonra bir az təcrübə toplayırıq. Hesab edirəm ki, vaxt keçdikcə daha yaxşı çıxış edəcəyik".