Yaqublu insidentə aydınlıq gətirdi: "Klub rəhbərliyi ilə dostluq münasibətim varsa, bu, mənə kiməsə qışqırmağa əsas vermir"

"Səbail"in kapitanı Eltun Yaqublu Topaz Premyer Liqasının IX turunda “İnter”eə evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Oyunun sonunda komanda yoldaşı arasında gərgin anların yaşanması zamanı diqqətləri çəkən müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Demək olarmı ki, qələbə sayəsində "İnter"dən birinci dövrədəki məğlubiyyətin revanşını aldınız?

- Son oyunlarda məğlub olmuşduq. Xüsusilə də ötən turda “Neftçi”yə qarşı çox pis oynadıq. Buna görə də üzərimizdə böyük məsuliyyət vardı. Həftə ərzində məşqlərdə yalnız qələbə haqda düşünürdük. Bu gün bütün komanda yoldaşlarım məqsədimizə nail olmağımız üçün çox çalışdı. “İnter” kimi güclü rəqibi məğlub etmək bizi ancaq sevindirə bilər.

- “İnter”də maddi durumla bağlı problemlərin olması məlumdu. Deməkolarmı ki, bu, işinizə yaradı?

- Rəqibin maliyyə problemlərinin olduğunu biz də eşitmişdik. Ancaq "İnter"in heyətində yer alan futbolçuların hamısı peşəkardı. Əksəri tanıdığımız futbolçular idi. Ola bilər ki, dediyiniz amil hardasa təsir etsin. Amma meydanda bunun təsirini görmədik. Rəqib futbolçular daha aqressiv oynayırdılar, qələbə qazanmaq istəyirdilər.

- Meydanda çox aqressiv idin. Komanda yoldaşlarına tez-tez qışqırırdın. Nədən narazı idin?

- İlk öncə onu deyim ki, ssəbi deyildim. “Neftçi” ilə matçın gedişində bütün epizodlarda asanlıqla məğlub olurduq. Söhbət həmin qarşılaşmada oynamamağımdan getmir. Baş məşqçimiz də aqressiv oynamağı tapşırdı. Komandada ən təcrübəli oyunçular mənəm, Vüqar Nadirovdu. Biz də komandada ab-havanı qorumağa çalışırıq. Nə olsun ki, Premyer Liqanın debütantıyıq. Gələn-gedən bizi asanlıqla məğlub etməməlidi ki... Məsuliyyətimi dərk edirəm və bunu komanda yoldaşlarıma da ötürməyə çalışıram. Biri orda səhv eləsin, biri burda, mən də qoşulum onlara, belə oynamaq olmaz. Baş məşqçimiz özün necə aqressivdirsə, bizdən də bunu tələb edir. Oyun zamanı bunu futbolçulara mən bir kapitan olaraq çatdıra bilərəm. Çempionatda heyətinə görə ən gənc komanda bizik. Futbolçulara meydanda kimsə tapşırıq verməlidi. Qələbə qazanmağımızda bəlkə qışqırmağımın də faydası oldu.

-  Deyilənlərə görə, klub rəhbərliyi ilə dostsan və bundan komanda yoldaşlarına qarşı istifadə edirsən?

- Klub rəhbərliyi ilə dostluq münasibətim varsa, bu, mənə kiməsə qışqırmağa əsas vermir. Məni tanıyıanlar bilirlər ki, belə məqamlardan istifadə edən insan deyiləm. Hər kəslə münasibətimiz əladı. Legionerləri tez-tez restorana aparıram, komandadakı atmosferi qorumağa çalışıram. Nurlan Novruzova da qışqırdım, o da səhvini başa düşərək razılaşdı. Konkret Jarjue ilə məsələyə gəlincə, anlaşılmazlıq vaxtı səhv məndə olub, meydanda başqa cür görünür, onu bilmirəm. Hər şeyə baş məşqçi qərar verəcək.

- Samir Əliyev məsələni müzakirə edəcəklərini, cəzanın mümkünlüyü açıqlayıb…

- Samir müəllim heç kimə göz yummur. Ötən tur “Neftçi”yə qarşı oynamadım, çünki məşqə gecikmişdim. Baş məşqçi də buna görə məni cəzalandırdı və ehtiyatda saxladı. Bu komanda üzvlərinə də bir dərs oldu ki, kimliyindən asılı olmayaraq, cəza hər kəsə tətbiq olunur. Artıq hərəkət etsəm, baş məşqçinin məni cəzasız qoymayacağını bilirəm.

- Maraqlıdı, Maudoya nə dedin ki, belə sərt reaksiya verdi?

- İngilis dilini bilmirəm,  yalnız 2-3 söz bilirəm. Jorjue əvvəlki epizodda da topu elə vuranda etirazımı bildirdim. 18 yaşı var, perspektivli futbolçudu, daha yaxşı çıxış etməsini istəyirəm. Bəzən tərcüməçimiz vasitəsilə ona deyirəm ki, yaxşı oynasan, daha güclü klublardan birinə keçə bilərsən. Ona 1-2 söz dedim, qəbul etmədi. Necə olduğuna təkrarda da baxacağam. Onu bilirəm ki, ona söz dedikdən sonra mənə əl atdı. Canlı yayım olduğuna görə öz-özümə dedim ki, səbr edəcəyəm. Nə olacaq, buna baş məşqçi qərar verəcək.

- Bəs oyundan sonra paltardəyişmə otağında aranızda söhbət oldu?

- Baş məşqçimiz danışdı. Dedi, sakitləşin. Bir-birimizin əlini sıxdıq. Cəzamız nədi, qəbul edəcəyik. Klubda söz sahibi mən deyiləm. “Neftçi” ilə oyundan əvvəl cəzalandırılmağım bunun sübutudu.