Əfran İsmayılov: "Hamı deyirdi ki, “Qarabağ” rahat çempion olacaq, gördüyünüz kimi..."

“Əsas məqsədimiz qələbə idi. “Atletiko” ilə oyun haqqında düşünmürdük. Məqsədimiz bu oyundan itkisiz ayrılmaq idi. Son dəqiqə qolu ilə qələbə qazandıq”. Bu sözləri “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.

Topaz Premyer Liqasının X turunda öz meydanında “Səbail”lə qarşılaşan Ağdam klubu minimalhesablı qələbə qazanıblar. Matçdan sonra jurnalistlərin suallarını cavablandıran Əfran bir sıra maraqlı məqamlara toxunub: “Səbail” çox güclü və çətin rəqibdi. Yeni yaranmasına baxmayaraq, liderə və digər komandalara müqavimət göstərə bilir. Maraqlı çempionat gedir, zəif klub yoxdu. Hamı deyirdi ki, “Qarabağ” rahat çempion olacaq, gördüyünüz kimi bu, o qədər də asan deyil”.

Yarımmüdafiəçi qarşıdakı Çempionlar Liqası oyunu haqqında da danışıb: “Atletiko” ilə matça gəlincə, o görüş tamam başqa ab-havada keçəcək. Heyətə düşmək barəsində düşünmürəm, baş məşqçi kimə şans versə, o da çıxıb əlindən gələnin ən yaxşısını eləməyə çalışacaq”.

 İsmayılov matçın yeganə qolunu necə vurduğunu belə izah edib: “Cərimə zərbəsi epizodunda yanımda Dani var idi, onun tərs ayağına düşürdü. Dedim ki, mənim nöqtəmdi, verin mən vurum. Burda qeyri-adi bir şey yoxdu”.

Futbolçu sonda hakimlik haqqında verilən suala isə cavab konkret cavab verməyib: “Hakimlik haqqında nəsə danışmaq istəmirəm. O, nə qərar verdi, biz də tabe olduq”.