Dani "Atletiko"yla qarşı matçı xüsusi sayır: "Madriddəki oyunda ailəmiz bizi stadiondan izləyəcək"

"Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana Topaz Premyer Liqasının X turunda "Səbailə evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq oyun haqda danışıb: 

- Matçın çətin keçəcəyini bilirdik. Üstəlik, ilk hissədə qırmızı vərəqə aldıqdan sonra bizə bir az da çətin oldu. Buna baxmayaraq, layiqli qələbə qazandıq. Ancaq bəzi epizodlar oldu ki, hakimin müəmmalı qərarlarları oldu. Oyunun nəticəsini daha erkən həll edə bilərdik.

- Meydanda ən yaxşılardan biri idin. Formanı bərpa edirsən?

- İlk dəfə idi ki, 25 dəqiqədən çox oynadım. Forma yığmaq üçün zamana ehtiyacım var. Məşqlərdə çox çalışıram. Son qərar isə baş məşqçinindir.

- "Atletiko" ilə oyuna hazırsan?

- Hər zaman özümü hazır hesab edirəm. Bu oyuna da yaxşı hazırlaşacam. Ancaq təbii ki, son qərar baş məşqçiyə aiddir.

- Ciddi zədədən sonra ehtiyatlı oynadığını demək olar?

- Bu gün hansısa epizoddan çəkinməmişəm. Ancaq istənilən ağır zədədən sonra ehtiyatlı olmaq gərəkdir. Bu, normal haldır.

- Cərimə meydançasında baş verən epizod penalti idi?

- Təkrara baxmamışam. Şəxsi fikrim belədir ki, həmin epizodda penalti var idi.

- Bir ispan futbolçu kimi ölkənin təmsilçisi "Atletiko"ya qarşı oynamaq nə qədər önəmlidir?

- Bu turnirdə istənilən komandaya qarşı oynamaq möhtəşəmdir. İspan olduğumuz üçün ölkəmizin komandası olan "Atletiko"ya qarşı oynamaq daha xüsusidir. Ailəmiz bizi stadiondan izləyəcək. Bu da önəmi daha da artırır.