“Zirə” - “Qəbələ” matçında qalmaqal: Polis azarkeşi sürüdü

Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Zirə” - “Qəbələ” oyunu zamanı qalmaqal baş verib. Matçın 19-cu dəqiqəsində “Zirə” hesabı açdıqdan sonra qonaq komandanın azarkeşləri və polis arasında insident yaşanıb. 

Meydan sahiblərinin qolunun müəllifi Milan Duriç sevincini çılğın qeyd edincə, bu, “qırmızı-qaralar”ın fanatlarının kəskin etirazına səbəb olub. 

Bu vaxt polis “Qəbələ”nin bir azarkeşini paltarından tutub sürüyərək tribunadan uzaqlaşdırıb. Digər azarkeşlər qanun keçikçilərinin bu hərəkətinə kəskin etiraz ediblər. Yalnız “Qəbələ”nin rəsmilərindən Fariz Nəcəfov, Səməd Nəsibov və Rəmzi Məmmədovun müdaxiləsindən sonra polis azarkeşi sərbəst buraxıb. Klub rəsmiləri azarkeşlərə bir qədər səbrli olmağı məsləhət biliblər. Həmin azarkeş isə daha sonra stadiona qayıdaraq oyunu izləməyə davam edib.

Hazırda ilk hissəsi oynanılan qarşılaşmada “Zirə” 2:0 hesabıyla öndədi.