Nizami Hacıyev: "Neftçi" ilə müqavilə imzalayacaqdım..."

“Keşlə”nin kapitanı Nizami Hacıyev Topaz Premyer Liqasının X turunda “Kəpəz”lə oyundan sonra (0:2) müsahibə verib. 

- Yeni adla ilk oyuna çıxdığınız və məğlub oldunuz. Ad dəyişikliyinin fərqi var idi?

- Xeyr. Nə ad? Sadəcə, stadiona camaat gəlmişdi. İstəyirdilər ki, yaxşı nəticə qazanaq. “Kəpəz” bu gün bizdən həqiqətən də yaxşı oynadı. Biz isə təəssüf ki, yaratdığımız qol imkanlarından yararlana bilmədik. Nə edək? Artıq güc yoxdur. Həqiqətən də oynamağa güc qalmayıb. Zədədən yeni qayıtmışdım özümü yaxşı hiss etmirdim.

- Komanda çox həvəssiz görsənirdi. Bu, nəylə bağlı idi?

 - Hər şey pul demək deyil. Rəhbərlik əlindən gələni eləyir. Məsələ münasibətdədi. Bu haqda danışmaq istəmirəm. Yalan danışmağı sevmirəm. Bu gün artıq ailəmi fikirləşməliyəm ki, nəyisə düzgün istiqamətdə dəyişməyə gücüm olsun. Əlimizdən gələni edirik, ancaq oyunumuz alınmır. Oyun sistemimiz yaxşıdı, ancaq son nöqtəni qoya bilmirik. Bu, baş məşqçidən tutmuş futbolçulara qədər hamımızın səhvidi. Komandada istək var, amma fayda verə bilmirik. Növbəti oyunları fikirləşməliyik.

- Bəs çıxış yolunu nədə görürsən?

- Bir çıxış yolu var ki, bu da qələbədi. Buna nail olmaq üçün əlimizdən gələni etməliyik. Bu gün komanda adına layiq olan yerdə deyil.

- Yəni "Keşlə" "İnter"in layiq olmadığı yerdədi...

- Adın fərqi yoxdu “Keşlə” və ya “İnter”. Psixologiyamızda bir az problemlər var - narahatlıqlar, qeyri-müəyyənlik. Növbəti tur “Sumqayıt”la oynayırıq. Həmin matç da çətin olacaq. Deməyə sözüm yoxdu.

- Belə davam etsə, artıq səni yanvarda "Neftçi"də görə bilərik? Əvvəl demək olardı ki, “İnter”di komandanı tək qoya bilmərəm. İndi isə bahənə var ki, komandanın adı "İnter" yox, artıq “Keşlə”di…

- Bu komandada qalmağımın səbəbi var. Müəyyən insanlar var ki, onlara görə burdayam. Bəli, “Neftçi”dən təklif vardı, müqavilə imzalayacaqdım. Bütün məsələlər həll olunmuşdu. Son anda rəhbərliklə münasibətə görə komandada qaldım. Sözümün üstündə durmağı seçdim. “Keşlə”də qalacağıma rəhbərliklə ikitərəfli razılıq əsasında qərar verəcəyik. İlk dövrənin sonuna 4 tur qalıb. Bu zaman ərzində komanda üçün əlimdən gələni edəcəm.