Fariz Nəcəfov hakim qərarlarını çox müəmmalı sayır: "Mən danışsam, obyektiv olmayacaq"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının X turunda  səfərdə "Zirə"yə 1:2 hesabı ilə yenildikləri oyundan sonra brifinq keçirib. Jurnalistlərin suallarını cavablandıran klub rəsmisi ilk olaraq matç zamanı yaşanan insidentdən danışıb. 

- Oyunda baş verən hadisələrdən biridi. Normal haldı. Azarkeşlərlə polislər arasında belə şeylər olur. Azarkeşimizi də götürmüşdülər. Polislərlə danışdıq, geri aldıq. Hər şey qaydasındadır.

- Verilməyən penaltiniz haqda nə deyə bilərsiniz?

- Mən danışsam, obyektiv olmayacaq. Buna qiyməti siz verməlisiniz. Epizodun təkrarına baxmaq lazımdı. Məncə, o epizodda simulyasiya yox idi. Ancaq yenə də təkrara baxmaq laızmdı.

- Baş məşqçiniz Roman Qriqorçuk ötən mövsüm bəyan edirdi ki, hakimlər bizə qarşıdır. Sizcə, eyni ssenari başlayıb?

- Bir oyuna görə belə deməyək. gözləmək lazımdı. Özümüzdə də günah axtarmalıyıq. İkinci hissə 10 nəfərlə göstərdiyimiz oyunu ilk hissədə oynamalı idik. Ancaq alınmadı. Burada bəhanə yoxdu. Bizdə səhv var, hakimlərdə də səhv olur.

- Cavid Hüseynov qırmızı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoydu...

- Cavid o epziodda rəqibini vurmaq istəmirdi. Fikrimcə, narazılığını bildirirərkən əli oyunçuya dəydi. Caviddən də soruşarsınız, bunu təsdiqləyərə. Məncə, vurmaq niyyəti yox idi.

- Ona oxşar epizod ikinci hissə baş verdi. Lakin "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə qırmızı deyil, sarı vərəqə aldı...

- Niyə onlar vuranda sarı vərəqə alır, biz qırmızı? Eyni epizodda onların qapısında penalti olmur, amma bizdə olur. Maraqlıdı... Çox müəmmalıdır. Təkrarlara baxmaq lazımdır. Fariz Yusifov təcrübəli hakimdir. Son zamanlar bir neçə oyunumuza təyinat alıb və nöqsansız olub. Gərək, belə səhvlər olmasın.

- Komandanı toparlamaq necə olacaq?

- Hər uduzduğumuz oyuna və hakim səhvinə görə ruhdan düşə bilmərik. Bu matçı unudub növbəti matça hazırlaşmalıyıq.