Tərlan Əhmədov: "Bu futbolçularla işlədiyim üçün qürur duyuram"

Topaz Premyer Liqasında X turun “Neftçi” – “Sumqayıt” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.Mütəxəssis əvvəlcə 2:1 hesabı ilə qalib gəldikləri matç haqda danışıb. 

- Azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Əla atmosfer var idi. Artıq komandada özünəinam yaranıb. Futbolçulara da təşəkkür düşür. Gəncə səfərindən sonra demişdim ki, bizim gələn tur “Sumqayıt”la ağır oyunumuz olacaq. Çünki rəqib həddən artıq işgüzardi. Son 20-25 dəqiqədə müdafiə olunurlar. Bu gün də həmin anlarda hücumu gücləndirdik və bəhrəsini gördük. Şanslarımız daha çox idi. Yaxşı mübarizəli oyun getdi. Əzmkarlıq göstərib qələbə qazandıq. Bu futbolçularla işlədiyim üçün qürur duyuram.

- Ardıcıl 4 oyundu qələbə qazanırsız və 4-cü yerə yüksəldiz. Düşünmək olarmı ki, mövsümün əvvəlindən “Neftçi”də olsaz, indi komanda daha yaxşı yerdə idi?
- Həyatda təsadüf yoxdu. Hər şey zərurətdən yaranır. Bəlkə əvvəldən komandada olsaydım, mövqeyimiz pis olacaqdı. Sadəcə, işimizi görməyə çalışırıq. Komandanı yaxşı motivasiya etməyə çalışırıq. Ardıcıl 4 qələbə hələ heç nə deyil. Yolun başlanğıcındayıq. Bizi çox maneələr gözləyir. 4 tur əvvəl bizə 3 xal gözü ilə baxırdılarsa, indi münasibət fərqlidi. İşimiz daha da çətinləşir. Bu nəticələr eyforiya yaratmamalıdı. Əvvəldən burda olsam, necə olacağını bilmirəm.

- Sizə elə gəlmir ki, komandada özünəinam hissi arxayınlığa çevrilib?
- Komandada istək həddən artıq çox idi. Hiss edirdim ki, bu oyunçuları “yandıra” bilər. Arxayınlıq yox, həyəcan var idi. İkinci hissədə bunu aradan qaldırdıq.

- Ardıcıl 4 qələbəni turnir cədvəlinin aşağı hissəsində qərarlaşan kollektivlər üzərində qazanmısınız. İndi isə qarşıda ilk 3 pillənin sahiobləri ilə oyunlara çıxmalısınız...
- Bura gələndə iki oyun uduzduq, dedilər komandadan gedir. Bura bütün oyunlarda qələbə üçün gəlməmişəm. Gələcək oyunlarda nə olacağını zaman göstərəcək. Komandanı “qara zolaq”dan çıxarmaq istəyirik. Yalnız gözəl futbola, əzmkarlığa söz verə bilərəm. Nəticənin necə olacağını bilmirik.

- Böyükağa Hacıyev deyib ki, siz onun “şkola”sını keçmisiz...
- Ona minnətdaram. Allah şəfasını versin. Şərh verəcək bir şey yoxdu.

- Zaur Svanadzenin gedişindən sonra Premyer Liqada yalnız bir əcnəbi məşqçi qaldı. Buna münasibətiniz?
- Arzu eləməzdim ki, hansısa məşqçi istefa versin. Başqa komandalarda nə baş verdiyi barədə danışmaq istəmirəım. Yerli də, əcnəbi də olmalıdı. Klub rəhbərləri necə fikirləşirsə, qoy onlar üçün xeyirli olsun.