Rövnəq Abdullayev: "Qurban Qurbanovla 3 tiskli əhayət edən uzun müddətli müqavilə imzalanacaq"

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda millinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu ilin dekabr ayından - Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra - millinin “sükanı arxasına” keçəcək.

İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanov brifinq keçirib. İlk olaraq sözə Rövnəq Abdullayev başlayıb.

- İcraiyyə Komitəsinin iclası başa çatdı. Uzun müzakirədən sonra, yekdil qərarla Qurban Qurbanov millinin baş məşqçisi təyin edildi. Ona uğurlar arzulayıram. Nitqini başa çatdırdıqdan sonra AFFA prezidenti Qurbanova millinin 13 nömrəli formasını təqdim etdi. O, 13 nömrəli formanın verilməsinə səbəb kimi AÇ-2020-nin oyunlarının 13 şəhərdə keçirilməsini göstərdi. 

- Qurban Qurbanovun İcraiyyə Komitəsindəki fəaliyyəti davam edəcək?

- Bəli, qalacaq.

- Qurbanov “Qarabağ”da da işini davam etdirəcək?

- Qurbanov “Qarabağ”da da qalacaq. Orda da işinə davam edəcək. Millinin baza komandası “Qarabağ” olacaq. Yığmanın oyunçularının çoxu bu komandada cəmləşib. Ona görə “Qarabağ”da işini davam etdirəcək. Premyer Liqa klublarıyla da sıx işləyəcək, daim əlaqə saxlayacaq. Fikrimcə, onun “Qarabağ”da qalması ümumi işin xeyrinə olacaq.

- Müqavilə hansı müddəti əhatə edəcək?

- Belə qərara gəldik ki, bu dəfə uzun müddətli müqavilə bağlayaq. Əvvəl hər tsikldə yeni müqavilə bağlayırdıq. İndi isə 3 tsikli, 2020, 2022 və 2024-cü ili əhatə edəcək uzun müddətli müqavilə bağlanacaq. Sistem qurulmalıdı. Oyunçuların hazırlıq sistemi bir mərkəzdən, AFFA tərəfindən, vahid sistemlə müəyyənləşdirilməlidi. Şərtlərimiz Azərbaycan futboluna xidmət etməkdi. Qurban da vətənpərvər insandı.

- Qurbanovun köməkçiləri kimlər olacaq?

- Hələ yeni təyin olunub, bu məsələ sonra dəqiqləşdiriləcək.