Qurbanovla AFFA bir-birinin qarşısında şərt qoymayıb: "Uzun müddətli proqramımız olmalı, pillə-pillə irəli getməliyik"

"İcraiyyə Komitəsinin üzvlərinə təşəkkkür edirəm. Futbolçu olduğun zaman daim əziyyət çəkirsən ki, milliyə dəvət alasan. Məşqçi kimi də həmçinin. Bilirəm ki, çox məsuliyyətli işdi". Bu fikirləri Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovv təyinatından sonra keçirdiyi mətbuat konfransında bildirib. Təcrübəli mütəxəssis azarkeşlərin gözünün daim milli komandada olduğunu qeyd edib: "Mən özüm də millinin oyunlarında azarkeş kimi iştirak etmişəm və onların daim yaxşı nəticə gözlədiklərini bilirəm. Çalışacağıq ki, daha uğurlu nəticə əldə edək. Qısa müddətin işi deyil. Uzun müddətli proqramımız olmalıdı. Pillə-pillə irəli getməliyik. Çalışacağıq ki, milli daha da peşəkar olsun, irəli getsin. Bu işin görülməsi üçün əlimdən gələndən artığını etməyə çalışacağam. Bir azərbaycanlı kimi milli komandamız və futbolumuz üçün daha artığını etməyə çalışacağıq. İşimiz, məsuliyyətimiz çoxalır. Rəhbərliklə birlikdə əlimizdən gələni edəcəyik ki, bu işin öhdəsindən gələk. Mənə inandığınız üçün hamınıza, azarkeşlərə, sizlərə təşəkkür edirəm".

Qurbanov millidə köməkçiləri barədə danışmağın hələ tez olduğunu söyləyib: "Təkcə köməkçi yox başqa detallar da var ki, bu barədə hələ heç nə deyə bilmərəm. 1 aya, bəlkə də, 2 aya bu barədə məlumat verəcəm".

Hamı bilir ki, əsas məqsəd AÇ-2020-yə vəsiqədi. Hamı bilir ki, bunun üçün əsas yol Millətlər Liqasıdı. 45 yaşlı mütəxəssis bu haqda də düşüncələrini bölüşüb: "Futbol elə oyundu ki, burda dəqiq bir şey deyə bilmərik. Lakin əlimizə düşən bütün imkanlardan maksimum istifadə etməliyik. Bir-birimizə dəstək olaraq, bu işin öhdəsindən gəlməliyik. Bu gün “Atletiko” bizdən qat-qat güclü olsa da, biz onlardan xal aldıq. Ya da ki, çempionatda, zəif hesab etdiyimiz komanda bizdən xal alır. Futbolda hər şey mümkündü. Kiçicik şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".

Maraqlıdır, yeni baş məşqçinin AFFA-dan əsas tələbi, şərti nə olub?: "Bir-birimizin qarşısına şərt qoymadıq. Əsas işimiz Azərbaycan futboluna xidmət etməkdi. Məndə belə xarakter yoxdu. Federasiya ilə münasibətlərimiz var. Bir-birimizə inanaraq, bu yolda davam edəcəyik"