Qurban Qurbanov millimizin neçənci baş məşqçisi oldu?

Qurban Qurbanov Azərbaycan millisini meydana çıxaracaq 15-ci baş məşqçi kimi tarixə düşəcək.  45 yaşlı mütəxəssisin yığmadakı debütü 2018-ci ildə gerçəkləşəcək.

Lakin onu nəzərə alaq ki, əvvəlki 14 çalışdırıcıdan 3-ü bu vəzifəni müvəqqəti icra edib. Onlardan 2-si – Nazim Süleymanov və Mahmud Qurbanov istefa verən baş məşqçinin köməkçisi olduğundan növbəti matçda bu vəzifəni müvəqqəti icra edib. Süleymanovda bu, Litva yığması səfərdəki yoldaşlıq görüşündə, Qurbanovda Norveç millisiylə evdəki rəsmi matç olub. Hər iki qarşılaşma 061 hesablı məğlubiyyətimizlə nəticələnib. 

Süleymanov və Mahmud Qurbanov kimi makedoniyalı Qyoko Hacıyevski də müvəqqəti baş məşqçi sayılır. Amma fərq ondadır ki, bu mütəxəssis 1 yox, 3 oyunluq təyinat alıb və 4 ay iş başında olub. Bunlar Finlandiya səfərdə 1:2, Belçikaya evdə 0:1 hesabı ilə uduzduğumuz rəsmi oyunlar və Qazaxıstanla Antalyada qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşü olub. 

Millimizin 25 illik tarixində 1994-cü ildə 1 matçlıq Məşqçilər Şurası da mövcud olub. Həmin şuraya da Kazbek Tuayevlə Ağasəlim Mircavadov başçılıq edib. Onu da nəzərə alaq ki, Əsgər Abdullayev ilk - 2000-ci ildəki, Vaqif Sadıqov 3-cü - 2005-ci gəlişində bu vəzifəni icra edib. Sonuncu ən bu posta gələn baş məşqçimizdi.

Beləliklə, Qurbanov müvəqqəti icraçıları saymaqla 15-ci, saymamaqla 12-ci baş məşqçi olacaq. Bu yolda ilk çalışdırıcı Əhməd Ələsgərov olub. O, 2 müxtəlif vaxtda (1992 və 1999-cu illərdə) işləyib. Digər çalışdırıcılarımız Ələkbər Məmmədov (1993-94), Ağasəlim Mircavadov (1994-95), Kazbak Tuayev (1995-96, 2002), Vaqif Sadıqov (1997-99, 2002, 2005), Əsgər Abdullayev (2000, 2002-04), iqor Ponomaryov (2000-01), braziliyalı Karlos Alberto Torres (2004-05), Şahin Diniyev (2005-07), Qyoko Hacıyevski (2007, 2008), Nazim Süleymanov (2008), almaniyalı Berti Foqts (2008-14), Mahmud Qurbanov (2014) və xorvatiyalı Robert Prosineçki (2014-17) olub.