Samir Əliyev komandasının oyunundan razı qalıb: “Qəbələ”dən daha çox qol gözləyirdim"

Topaz Premyer Liqasının XI turunda səfərdə “Qəbələ”yə uduzan (1:3) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransı keçirib.  38 yaşlı mütəxəssis öncə uduzduqları qarşılaşmanı dəyələndirib.


- Hər oyun bizim üçün bir təcrübədi. Çoxdandı səfər oyunu keçirmirdik. Düzdü, 3 qol buraxdıq. “Qəbələ”dən daha çox qol gözləyirdim. Rəqib qapımıza 4 ya 5 zərbə endirdi ki, onun da 3-dən istifadə etdi. 

- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiz.
- Nurlan Novruz hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım. 

- “Qəbələ” boşluqlar versə də, bundan istifadə edə bilmədiz...
- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.

- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi. 
- Amit zədəlidi. “Qarabağ”la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.

-  “Səbail” əvvəlki oyunlarda daha sürətli görünürdü...
-  Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq “Qəbələ” kimi komandalarla oyunda bu elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.


-  Murad Ağayev mərkəzdə çox top itirirdi...
- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboyludu.

- Bu gün “Qəbələ” güclü oynadı, yoxsa siz?
- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.

- Qışda dəyişiklik gözlənilir?
- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənc oyunçular çoxdu. Çalışırıq ki, Azərbaycan futboluna yeni futbolçular qazandıraq.

- Komandada gənc kimləri deyirsiz?
-  Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdi. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.