Ramiz Məmmədov sehirli çubuqdan istifadə etməməyə çalışır: "Qarşıma konkret məqsəd qoyulmayıb"

“Oyun hesabla üst-üstə düşmədi”. Bu sözlər “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədova məxsusdur.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”a məğlub (3:1) olub. Oyundan sonra komandanın yeni baş məşqçisi fikirlərini bildirib: “Bu məğlubiyyət məni çox narahat edir. Uşaqlar keçən oyunlara nisbətən, bu gün yaxşı oynadılar. Bəzi futbolçuların səhvi oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım”.

- “Keşlə”dəki problemlər nədən ibarətdir?

- Bu gün şablon sözləri çox işlədirik. Bütün gücümüzü ortaya qoymağa, sehirli çubuqdan istifadə etməməyə çalışırıq. Ehtiyat qüvvəmiz az olsa da, əvəzedici komandadan olan futbolçulara güvənirik. Bu heyətlə özümüzə gələ bilərik.

- Qış fasiləsinə qədər komandanızın qarşısına hansı məqsəd qoyulub?

- Qarşıma konkret məqsəd qoyulmayıb. Bacardığımızı ortaya qoymağa, bütün oyunlarda qələbə qazanmağa köklənmişik. İnamsızlığı geridə qoysaq, mənə elə gəlir ki, hər şey qaydasına düşəcək.