Samir Abasov: "Futbolçularımız “Neftçi”yə məğlubiyyətin əvəzini bu gün çıxmaq istəyirdilər"

“Futbolçularımızı təbrik edirəm. Layiqli qələbə qazandıq”. Bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasova məxsusdur.

“Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının XI turunda öz meydanında “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Neftçi” ilə oyunda yaxşı oynasaq da, məğlub olmuşduq. Bu oyuna yaxşı hazırlaşdıq, keçən matçlarda səhv edən futbolçuların üzərində işlədik. Futbolçularımız da “Neftçi”yə məğlubiyyətin əvəzini bu gün çıxmaq istəyirdilər. Şükürlər olsun ki, qələbə qazandıq. Bugünkü qələbədə Cavid İmamverdiyevin payı çoxdu, gənclərimiz də yaxşı oynadılar”.

- Sanki Rəşad Eyyubov kollektivdən geri qalır. Belə düşünmürsünüz?

- Ola bilər. Dediyim kimi, ola bilər ki, tələskənlik olur. Ən çox qələbə qazanmaq istəyən futbolçulardan biri də Rəşad idi. Lakin o, son oyunlarda səhvlər edir, onunla söhbət edəcəyik.