Aqolli “Qarabağ”dan ayrılır? “Arzuladığım hər şeyə nail olmuşam”

“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib. Müdafiəçi əvvəlcə kapitanı olduğu Albaniya millisi barədə danışıb:

“Panuççi (Albaniya millisinin baş məşqçisi Kristian Panuççi) zəng edərək, mənə güvəndiyini bildirdi. Onun fikrincə, milli komandanın əsas üzvlərindən olmağa davam etməliyəm. Panuççi yığma ilə bağlı uzunmüddətli layihə hazırlayıb. Qarşıdakı yoxlama görüşündə bir çox oyunçunu sınaqdan keçirəcək. Buna görə, həmin oyunda mənim çıxış etməyimə ehtiyac yoxdu. Milli karyeramı bitirmək? Nə qədər oynayacağımı bilmirəm. Mən millinin kapitanıyam. Bu yığmanın heyətində Avropa çempionatında çıxış etmişəm. Albaniya millisi ilə kuboklar qazanmağın mümkün olmadığını nəzərə alsaq, bu, böyük nəticədi”.

Aqolli “Qarabağ”la bağlı da danışıb. O, Ağdam təmsilçisindən ayrılaraq ölkəsinin “Skenderbeu” klubuyla anlaşacağı barədə iddiaları təkzib edib:

“Qarabağ”la Çempionlar Liqasında yaxşı çıxış edirik. Hədəfimizə çatmaq üçün bütün komanda əlindən gələni etdi. Şübhəsiz, ÇL-də çıxış etdiyimə görə sevinirəm. “Skenderbeu”ya keçmək? “Qarabağ”la müqaviləm var, burda özümü yaxşı hiss edirəm, ayrılmaq barədə düşünmürəm”.

35 yaşlı müdafiəçi sonda karyerasını sabiq klubu “Tirana”da bitirmək istədiyini deyib:

“Karyeramdan razıyam. Arzuladığım hər şeyə nail olmuşam. Ancaq “butslarımı mismardan asmadan” öncə “Tirana” ilə daha bir çempionluq qazanmaq istərdim. Bu komandada keçirdiyim günləri heç vaxt unutmaram. Burda çox yaxşı günlər keçirmişəm”.