Pxençxan Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçirildi

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçirilib.Tədbir Pxençxan Olimpiya Stadionunda təşkil olunub.
 
Məxsusi olaraq, Oyunlar üçün salınmış bu arena olimpiadanın bağlanışından sonra söküləcək. Sülh və birliyi simvolizə edən Olimpiya məşəli 101 günlük estafetdən sonra stadiona gətirilib. Estafet 7500 nəfərin iştirak ilə "Qoy, hamı parlasın" şüarı altında ölkə ərazisində 2018 km-i əhatə edib.
 
Stadionda isə məşəli cənubi koreyalı fiqurlu konkisürən, olimpiya və ikiqat dünya çempionu Kim Yon A yandırıb. Açılış mərasimində 2 minədək insan çalışıb. 5 uşağın aparıcılıq etdiyi tədbirin əsas ideyası dünyada sülhə can atmaqdan ibarət olub. Ölkələrin keçidi zamanı Azərbaycanın bayraqdarı ölkənin yeganə təmsilçisi, dağ xizəkçisi Patrik Braxner olub.
 
Rusiya idmançıları olimpiya bayrağı altında keçid ediblər. Buna səbəb Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyadır. Cənubi və Şimali Koreya idmançıları isə tamaşaçılar önündən yarımadanın görüntüsünü əks etdirən bayraq altında keçiblər.
 
Qeyd edək ki, fevralın 25-dək davam edəcək Oyunlarda 102 dəst medal sahibini tapacaq.