Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək

İyulun 30-31-də ölkəmizdə ilk dəfə olaraq futvole üzrə (çimərlik voleybolu və futbolun sintezi) belnəlxalq yarış təşkil olunacaq.
Bu haqda Olimpsport.az-a turnirin təşkilatçısı, çimərlik futbolu üzrə FİFA hakimi Əfqan Həmzəyev məlumat verib. KATV1 şirkətinin və Aguatic Palace-nin (Su idmanı sarayı) birgə dəstəyi ilə start götürəcək futvole şölənində 3 yerli komanda ilə yanaşı, Rusiya və Gürcüstan kollektivləri iştirak edəcək. "Dostluq kuboku” adını daşıyacaq turnirdə ümumilikdə 8 komanda birincilik üçün yarışacaq. İki gün davam edəcək futvole turniri dünya standardlarına cavab verən iki meydançada oynalınacaq. Saat 16:00-da start götürəcək oyunlara azarkeşlər və KİV nümayəndələri dəvətlidir. Qeyd edək ki, futvole idman növünün yaranması 1965-ci ilə təsadüf edir. Braziliyalı Oktavio de Moraes Kopakabana çimərliyində futbol oynamağın qadağan olunmasından istifadə edərək, futvoleni icad edib. Əvvəllər bir komandada beş nəfərin çıxış etdiyi bu növdə sonralar topun demək olar ki, yerə düşməməsini nəzərə alaraq, iki nəfərin çıxış etməsi məqsədəuyğun sayılıb. Artıq dünyada futvole üzrə bir çox beynəlxalq yarış keçirilir. Futbol topu ilə oynanılan futvoledə əllərdən istifadə etmək qadağandır.
Qeyd edək ki, turnirin püşkatma mərasimi bu gün saat 20:00-da Bakı Su idmanı sarayında keçiriləcək.