IIlk medalımız gümüş oldu

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb. Olimpiadanın cüdo yarışında 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov finala qədər keçirdiyi bütün görüşlərdə rəqiblərinə qalib gələrək,  yalnız finalda yaponiyalı idmançı Şohei Onoya məğlub olub. Qələbə uğrunda mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan idmançısı Didar Hamzanı məğlub edərək, 1/8 finalda avstraliyalı Jake Benstedə ipponla qalib gəlib. Bu qələbəsi ilə növbəti mərhələyə yüksələn atletimiz  1/4 finalda London-2012 Olimpiya oyunlarının gümüş mükafatçısı, macarıstalı idmançı Miklos Unqvarini üzərində parlaq qələbə qazanıb. Yarımfinalda israil idmançısı Saqi Muki ilə üz-üzə gələn cüdoçumuz bu  görüşdə də qələbə qazanaraq, finala yüksəlib. Qızıl medalın bir addımlığında olan Rüstəm Orucov finaldakı güclü rəqibi yaponiyalı Şohei Onoya qarşı mübarizə aparıb. Kifayət qədər gərgin keçən final görüşündə yaponiyalı idmançıya şans verən cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Anar Əhmədov