Rio-2016: Üç boksçumuz rinqə çıxır

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Olimpsport.az saytının məlumatına görə, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.

 

İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verəcək. O, 1/8 finala çıxmaq üçün çinli Zao Minqqanqı yolundan kənarlaşdırmalıdır. Görüş saat 19:15-də start götürəcək.

 

Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirəcək.

 

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq. Döyüş saat 02:00-da start götürəcək.