Qürbətdə yaşayan azərbaycanlılar olimpiyaçılarımız haqqında nə dedilər?

Artıq bütün dünyanın diqqəti Braziliyanın paytaxtında keçirilən Rio Olimpiya Oyunlarına yönəlib. Belə bir tarixi yarışı izləyənlər arasında sözsüz ki, xaricdə yaşayan azərbaycanlılar da var. Elə həmyerlilərimizlə əlaqə saxlayaraq Rio Olimpiya Oyunları haqqında təsüratlarını "olimpsport.az" la bölüşməyi xahiş etdik.

Fərəc Tağıyev: "Özüm boks və üzgüçülüklə məşğulam. Boksçularımızın uğur qazanacağına inanıram. Olimpiyaçılarımıza uğurlar arzulayıram. Fürsətdən istifadə edərək Avroliqanın play-off mərhələsində İsveçin "Heteborq" komandası ilə qarşılaşacaq azarkeşlik etdiyim "Qarabağ" klubuna da uğurlar arzulayıram".(Rusiya,Volqaqrad şəhəri.)

Seyid Hadi Ərəbi (güləş üzrə mütəxəssis):"Biz də burdan olimpiadanı həyəcanla izləyirik. İnanıram ki, yekunda Azərbaycan idmançıları yaxşı nəticə əldə edəcəklər. Sərbəst güləşçimiz Cəbrayıl Həsənovun yer tutmasını çox istəyirəm. Hətta onun yer tutması üçün ürəyimdə nəzir də demişəm". (Tehran şəhəri, İran)

Elnur Murtuzov(keçmiş boksçu): "Boksçularımızdan medal gözləyirəm. Elvin Məmişzadə ilə biryerdə məşq etmişik. Demək olar hər birinin gücünə bələdəm. Güləşçilərimizin də şansı böyükdür. Dağıstanın güləş komandasının olimpiadadan imtina etməsi güləşçilərimizin şansını bir az da artırır. Cüdo növündə də yaxşı nəticələr əldə edə bilərik. Ümumilikdə ən azı 10 medal qazana bilərik". (Rusiya, Xasavyurt rayonu)

Azər Sadıxov(Veteran güləşçi):"Güləşçilərimizin yarışını səbirsizliklə gözləyirəm. İnanıram ki, güləş növündə çoxlu medal qazanacağıq. Cəbrayıl Həsənova ayrıca azarkeşlik edirəm". (İsveç, Boras şəhəri)

Fərid İsmayılov (sərbəst güləş üzrə yığma komandamızın keçmiş üzvü):"Sərbəst güləşçilərdən Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Xetak Qazyumovun yer tutacağına inanıram. Amma idmanda proqnoz özünü doğrultmaya bilər". (Rusiya, Kazan şəhəri)

 

Şəhab Əhməd (əslən azərbaycanlı, Almaniyanın Ludviqshafen klubunun güləş məşqçisi): "Azərbaycan idmançılarının hamısı 1-ci yerə layiqdir. Güləş bizim ata sporumuzdur. Azərbaycan güləşçiləri artıq dünyada öz sözlərini deyiblər. Güləşdə qızıl  medal olacağına inanıram". (Almaniya, Ludviqshafen şəhəri)

Dəyanət Vəliyev (həkim): "İşdə olduğumdan olimpiadanı tam izləyə bilmirəm. Ümumiyyətlə mənim üçün güləş daha maraqlıdır. Güləş yarışlarını mütləq izləyəcəm. İnanıram ki,güləşçilərimiz onlara bəslənən ümidləri doğruldacaq". (Almaniya,Köln şəhəri)